Xəbər - Elçin Mehdiyev – Trend:
İşğaldan azad edilmiş ərazilərin böyük kənd təsərrfüatı potensialı var.
Bunu AzerTimes-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
T.Rzayev qeyd edib ki, həmin ərazilərin bərpa edilməsi, ölkədə kənd təsərrüfatı məhsularının bolluğuna, eyni zamanda bu məhsulların ixracının artımına səbəb olacaq.
Komitə sədri vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesi gedir: “Minalardan təmizlənmiş təhlükəsiz ərazilərdə 7 min hektardan artıq sahədə əkin aparılıb. Builki mövsümdə daha 20-25 min hektarda yeni əkin aparılması nəzərdə tutulub. 100 min hektar sahənin suvarılması təmin ediləcəkdir.
Əlbəttə ki, işğaldan azad olunmuş torpaqlar öz münbitliyi və məhsuldarlığına görə seçilir. Sovetlər dövründə bu torpaqlarda bol pambıq, taxıl, üzüm, tərəvəz və digər kənd təsərrüfatı məhsulları yetişdirilib, heyvandarlıq inkişaf etdirilib. Böyük potensiala malik ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması ölkədə aqrar sahənin inkişafına yeni təkan verməklə bərabər, həm xaricdən idxal olunan kənd təsərrüfatı məhsullarının qarşısını xeyli dərəcədə alacaqdır.
Möhtərəm Prezidentimizin rəhbərliyi sayəsində düşmənlə mübarizədə olduğu kimi, ərazilərin bərpa edilməsində də xalqımız həmrəylik nümayiş etdirir, ərazilər minalardan təmizlənir, yollar çəkilir, su elektrik stansiyaları istifadəyə verilir, abadlıq işləri sürətləndirilir. Aqrar sektorun inkişafının təməli qoyulur. Əminik ki, torpaqlarımız cənnətə çevriləcək və həmin ərazilərdə aqrar sahə də sürətlə inkişaf etdirilərək ölkə iqtisadiyyatına yeni töhfələrini verəcəkdir”.