Dövlət Məşğulluq Agentliyində bu dəfə 2 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə əlaqələndirmə komitələrinin sədrləri ilə görüş keçirilib.
Agentlikdən AzerTimes-a bildirilib ki, görüşdə Xəzər və Pirallahı rayonları üzrə İcra Hakimiyyəti başçılarının müavinləri iştirak edib. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri barədə məlumat verilib, ərazi məşğulluq proqramlarının icra olunmasında əlaqələndirmə komitələrinin rolu və məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində işəgötürənlərlə sıx əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyəti qeyd edilib. Eyni zamanda, 2 saylı Ərazi Məşğulluq Mərkəzi üzrə dövlət və özəl sektorda işəgötürənlərin “Məşğulluq marafonu”na qoşulması istiqamətində aktiv iştirak edilməsi, yeni iş yerlərinin açılması istiqamətində atılan addımlar müzakirə edilib.
Yerli Əlaqələndirmə Komitələri tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin edilməsinin əsas prioritet kimi qəbul edilməsi və həmin vətəndaşların işlə təmin olunmasında işəgötürənlərin fəallığının gücləndirilməsinin önəmi vurğulanıb.
Görüşdə, həmçinin, işsiz və işaxtaranların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan ictimai işlər proqramı üzrə yeni istiqamətlərin yaradılması məsələsi də müzakirə edilib.