Sosial şəbəkədə tanış olduğu vətəndaşları xaricdə işə düzəltmək adı ilə aldadan şəxs saxlanılıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran rayonunun Siyavar sakini olan bir nəfər polisə müraciət edərək sosial şəbəkədə tanış olduğu Anar adlı şəxsin işə düzəltmək adı ilə ondan 3500 manat pulunu alaraq mənimsədiyini deyib.
Zərərçəkmiş şəxs müraciətində pulu qarşı tərəfin göndərdiyi kart hesabına köçürdüyünü söyləyib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dələduzluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini Anar Rzayev olduğu müəyyən edilib. Aparılan əlavə araşdırmalarla həmin şəxsin sosial şəbəkə vasitəsilə tanış olduğu daha 3 nəfər Lənkəran sakininə qarşı dələduzluq etdiyi məlum olub.
Belə ki, A.Rzayev həmin şəxslərin etibarından sui istifadə edərək müxtəlif məbləğlərdə pullarını xaricdə işə düzəlmək adı ilə alaraq mənimsəyib.
Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.
“A.Rzayevin bu kimi əməllərindən zərər çəkən digər şəxslər varsa Lənkəran ŞRPŞ-yə və ya ərazi polis orqanına müraciət edə bilərlər”, – məlumatda qeyd edilib.