Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəməkdə təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda ifadə verən zərərçəkmiş bildirib ki, o Bakı Slavyan Universitetində magistr təhsili alıb, daha sonra işə düzəlmək üçün yenidən Dürdanə Əliyevaya müraciət edib:
“Dürdanə xanım dedi ki, imtahan ver, sonra xəbər elə. Mən imtahandan 47 bal topladım. Başqa orta məktəblərə müəllim kimi qəbul edirdilər. Lakin evimin yaxınlığındakı orta məktəbdə işləmək istəyirdim. Buna görə, Dürdanə Əliyeva məndən 12000 manat istədi. Yoldaşımla birlikdə pulu gətirib otağında Dürdanə Əliyevaya verdim. Sentyabr ayında mən evimizin yanındakı 99 saylı orta məktəbdə müəllimə kimi fəaliyyətə başladım. Amma məlum oldu ki, mən sosial məzuniyyətdə olan bir müəllimin yerinə müvəqqəti işə götürülmüşəm. 6 aydan sonra məni işdən çıxardılar. Hazırda işsiz qalmışam. Başqa məktəbə işə düzəlmək üçün əlavə imtahan verməliyəm. Dürdanə Əliyeva mənim pulumu qaytarsın, şikayətçiyəm”.
Digər zərərçəkmiş Səriyyə Axundova isə bildirib ki, onun 1200 manat təhsil haqqı Dürdanə Əliyeva tərəfindən mənimsənilib: “Mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr pilləsini bitirdim. Magistr təhsili almaq üçün universitet axtarırdım. Bakı Slavyan Universitetində bir müəllim idi, o məni Dürdanə Əliyeva il tanış elədi. Dürdanə Əliyeva mənə dedi ki, qəbul var. Bildirdi ki, əgər 3 illik təhsil alsan, illik təhsil haqqı 2200, bir illik təhsil üçün isə təhsil haqqı 1200 manatdır. Mən 1 illik təhsil proqramına daxil oldum. Dərs başlananda Dürdanə Əİiyeva məni çağırıb təhsil haqqını istədi. İlkin olaraq 1000 manat verdim, bir müddətdən sonra 200 manatı da verdim. Amma mənə təhsil haqqı ödənişi barədə heç bir qəbz vermədi. Mən ödədiyim pulun qəbzini tələb edəndə Dürdanə Liyeva öz imzası ilə mənə arayış verdi ki, həqiqətən məndən 1200 manat təhsil haqqı alıb.
Pulu ödəyəndən sonra tələbə yoldaşlarımdan maraqlandım, onlar təhsil haqqını müxtəlif rəqəmlər dedilər. Biri dedi 1000 manat ödmişəm, biri dedi 1100 manat, bəziləri 900 manat. Bu prosesdən şübhələnib Dürdanə Əliyevaya müraciət etdim. O isə dedi ki, həmin tələbələr qalıq məbləği ödəmək üçün vaxt götürüblər.
Mənim 1 illik təhsil haqqım başa çatandan sonra diplomumu almaq üçün universitetə müraciət etdim. Universitetdən bildirdilər ki, təhsil haqqı ödənilməyib. Bu günə qədər də diplomumu ala bilmirəm”.
Zərərçəkmiş Şəmsiyyə Hüseynova isə bildirib ki, universitetdə iki illik təhsil alsa da, ikinci ilinin təhsil haqqı Dürdanə Əliyeva tərəfindən mənimsənilib: “Mən iki il universitetdə magistr pilləsində təhsil almışam. Hər il üçün 1500 manat təhsil haqqı ödəmişəm. Diplom almaq istəyəndə universitetdən dedilər ki, sonuncu ilin təhsil haqqı xəzinəyə daxil olmayıb. Bu günə qədər də diplom ala bilmirəm. Ya diplomumu versinlər, ya da 1500 manatımı qaytarsınlar”.
Proses oktyabrın 18-də davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb