İşdən qeyri-qanuni azad edilən 38 işçi əvvəlki işlərinə bərpa etdirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti bu ilin ötən dövrü ərzində vətəndaş
müraciətlərinin araşdırılması zamanı 38 işçinin əmək müqavilələrinə
qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən
edib.

Nazirlikdən
Trend
-ə verilən məlumata görə, Xidmətin qanunvericiliyə uyğun
olaraq gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki
işlərinə bərpa olunublar.

Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan
qaldırılması təmin edilib. Həmçinin işəgötürənlər tərəfindən 332
min manata yaxın məbləğdə sosial ödənişlərin işçilərə ödənilməsinin
gecikdirildiyi müəyyən olunub.

Görülən tədbirlər nəticəsində həmin vəsaitin işəgötürənlər
tərəfindən işçilərə ödənilməsi təmin edilib. Ödənilən vəsaitin
99%-i əmək haqları, qalan hissəsi işəgötürənlər tərəfindən
ödənilməli olan sosial müavinət və kompensasiyalar olub.

Bu ilin yanvar-aprel ayları ərzində Xidmətin vəzifəli şəxsləri
tərəfindən 3552 vətəndaş fərdi qaydada qəbul edilib. Vətəndaşlardan
daxil olmuş 3924 ərizə, eləcə də müxtəlif müəssisə, idarə və
təşkilatlar tərəfindən göndərilmiş 2404 məktub araşdırılaraq
cavablandırılıb.

Teqlər: