İşdən çıxarılan xanəndə: Nazirlik mənə haqsızlıq etdi!

İşdən çıxarılan xanəndə: Nazirlik mənə haqsızlıq etdi!

Mən nə edə bilərəm ki? Arxam yox, dayağım yox. Söz verdilər, amma heç biri sözünə əməl etmədi. Gedib bu yaşımda onlarla dalaşası deyiləm ki. Nə edim? Bezdim, yoruldum”.

AzerTimes xəbər verir ki, bunu Qaynarinfo.az-a açıqlamasında xanəndə Sabir Abdullayev müəllimlik fəaliyyətinə son verilməsi ilə bağlı qərara aydınlıq gətirərkən deyib.

Xanəndə ona qarşı haqsızlıqlar olduğunu bildirib:

“Böyük bir “ordu” yetişdirmişəm. Hara getsəm də, həmin “ordu” arxamdadır. Əsas odur ki, mən öz məktəbimi yaratdım. Tələbələrim arasında Xalq artisti, Prezident təqaüdçüsü olanlar çoxdur. Dərs dediyim ifaçıların yaradıcılığında bütün dünyasını dəyişən xanəndələrin sənəti, nəfəsi var, onlar nəsildən-nəsilə yaşayacaq. Əslində mən öz işimi gördüm. Mənə qarşı münasibət yaxşı olmadı, Mədəniyyət Nazirliyi mənə haqsızlıq etdi. Niyə? Bax bunun səbəbini bilmirəm”.

S. Abdullayev bundan sonra yaradıcılıqla məşğul olacağını qeyd edib:

“Nə bacarsam, onu da edəcəyəm. Oxuyacağam, muğamlar yazdıracağam ki, məndən sonra qalsın. Bütün illərimi tələbələrə həsr etdim, ömrüm keçdi, özüm üçün heç nə edə bilmədim. Bu da sonu… Qədrimi bilmədilər. Qərar verilib, bunu kim qəbul edib, bilmirəm, amma bu qərarın yaradıcı insanlara şamil olunmaması lazımdır”.

Xanəndə özünü Azərbaycanda iki ən yaxşı müəllimdən birincisi hesab etdiyini vurğulayıb:

“İstəsəydilər, məni işdən çıxartmazdılar. Qanundankənar nə etmişəm? Əsəbləşirəm, bilmirəm dərdimi kimə deyim”.

Qeyd edək ki, Sabir Abdullayev Bakı 11 saylı musiqi məktəbində müəllim işləyirdi. Onun müəllimlik fəaliyyətinə xitam verilib.

Teqlər: