Xəbər - Fərid Zöhrabov – Trend:
Hər il Azərbaycanda iş yerlərində, istehsalatda baş verən
qəzalarda onlarla insan həyatını itirir və ya müəyyən bədən
xəsarətləri alaraq əlil olur. Bəs bu qəzalardan necə qorunmaq
olar?
Mühafizə qaydaları üzrə təlimçi, ekspert Elmar Nurəliyev AzerTimes-a
bildirib ki, işdə təhlükəsizlik qaydalarınına riayət olunmasında
işəgötürənlər maraqlı olmalıdır:
“İşçi işə götürülərkən onunla əmək müqaviləsi bağlanmalı, onun
iş sığortası olmalıdır. Daha sonra işçi işə başlamamışdan qabaq ona
giriş təlimatı verilməli, işə başlayanda isə ilkin təlimat verilib
sonra işə başlamalıdır. Bunlar hamısı təhlükəsizlik üçündür”.
E.Nurəliyev qeyd edib ki, işçi iş yerinə qəbul olunanda ona
hansı təhlükəsizlik qaydalarına riayət etmək lazım olduğu ilə bağlı
məlumat verilməli, təlim keçirilməlidir. Buna iş yerlərində olan
rəhbər vəzifəli şəxslər nəzarət etməlidir.
Ekspertin sözlərinə görə, daha çox qəza tikinti sahəsində baş
verir: “Tikintidə baş verən qəzaların əsas səbəbləri uçma, dağılma,
çökmədir. İkincisi keyfiyyətsiz tikinti materiallarının
istifadəsidir. Üçüncüsü isə lahiyələndirmədən
kənaraçıxmalardır.
Bundan başqa tikintidə işləyən işçilərə nəzarət yaxşı səviyyədə
deyil. Bəzi tikinti şirkətlərində heç bir təhlükəsizlik qaydalarına
riayət edilmir”.
Ekspertin fikrincə, tikinti sahəsində təhlükəsizlik tədbirləri
kompleks görülməlidir:
“Belə ki, ağır tikinti materialları, kran işləri, dəmir armatur
işləri, hündürlükdə işlər və s. bütün bunların hamısında
təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Hündürlükdə
çalışan işçilər üçün xüsusi təhlükəsizlik tədbirləri görülməlidir.
Tikinti sahəsində hündürlük 7 metrdən yuxarı olarsa, qoruyucu sipər
çəkilməlidir. Amma biz müşahidə edirik ki, hündürlükdə çalışan
fəhlələrin nə qoruyucu kəməri var, nə başında dəbilqəsi. Ayağında
isə rezin çəkmə əvəzinə, gündəlik həyatda geydikləri adi ayaqqabı
var. Potensial təhlükə budur. Bu laqeydliyin nəticəsidir ki, iş
yerlərində bədbəxt hadisələr baş verir”.
E.Nurəliyev bildirir ki, işçilərin təhlükəsizliyinə sahibkarlar
cavabdehdir: “Hesab edirəm ki, iş yerlərində işçilər üçün
təhlükəsiz əmək şəraitinin yaradılması çox vacibdir və bu işə ciddi
nəzarət olunmalıdır”.