İş adamı Heydər Əliyevlə keçirilən qapalı görüşdən danışdı

İş adamı Heydər Əliyevlə keçirilən qapalı görüşdən danışdı

Tanınmış iş adamı, “Bakı İnşaat Sənaye” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi Loğman Zülfüqarlı ümummilli lider Heydər Əliyevin 100 illiyi ərəfəsində tarixi şəxsiyyətin Azərbaycanda sahibkarlığın inkişafına verdiyi töhvələr, özlərinin də iştirakçısı olduqları qapalı görüşləri haqda maraqlı xatirələrini bölüşüb.

AzerTimes həmin məqaləni təqdim edir:

“Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin rolu danılmazdır. Xüsusən zamanında sahibkarlığa verdiyi töhfələr ölkəmizin sürətli inkişafını şərtləndirdi. Məhz Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycanda sahibkarlıq geniş vüsət aldı, iş adamlarına geniş imkanlar yaradıldı. Heydər Əliyev Azərbaycanın o çətin günlərində xalqın çağırışı ilə hakimiyyətə gəlməklə ölkəmizin tənəzzülünün qarşısını almağa müvəffəq oldu. İqtisadi sahədə apardığı islahatların dərinləşməsi üçün xaricdə yaşayan, sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamlarına çağırışlar etdi, Azərbaycana gəlib burada iş qurmağa səslədi.

O günlərdə bizlər – Loğman və Nurəddin Zülfüqarlı qardaşları Rusiyada sahibkarlıqla məşğul idik. Ulu Öndərin çağırışı ilə ölkəyə gəldik, burada metallurgiya sahəsində bilik və bacarıqlarımızı tətbiq etdik. 2002-ci il aprelin 25-də Prezident sarayında Heydər Əliyev yerli sahibkarlarla görüş keçirərkən bizlər də o görüşə dəvətli idik. Bu gün o tarixi günlərdən bizi 21 il ayırır və Azərbaycan iqtisadiyyatının inkişafı da göz qabağındadır.

O görüş olduqca yadda qalan, iştirakçıların hər birinin həyatını dəyişən görüş oldu. Ulu öndər çıxışında qeyd etdi ki, Azərbaycan dövlətinin iqtisadi siyasəti Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirməkdən ibarətdir.

Azərbaycanın iqtisadiyyatı 1990-cı ilin əvvəllərində böhran vəziyyətində olduğu halda, 1995-ci ildən artıq inkişafa başlamışdı. İqtisadiyyatın bütün sahələrində inkişaf müşahidə olunurdu və bu inkişaf ilbəil artırdı. Ulu öndər çıxışında vurğulamışdı ki, bunun əsas səbəbi, iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. İqtisadi islahatlar müxtəlif xarakter daşıyır, müxtəlif sahələri əhatə edir və böyük tədbirlərin həyata keçirilməsini tələb edir. O sarayda həmin gün Azərbaycan sahibkarlığının növbəti mərhələyə keçidi həll edilirdi.

Dövlətimizin başçısı sahibkarlara müraciətlə dedi ki, əgər siz yaxşı işləsəniz, məhsulları keyfiyyətli və bol etsəniz, bazarı ələ alacaqsınız, qərb ölkələrindən belə məhsulların gətirilməsinə o qədər də ehtiyac olmayacaqdır.

Ulu Öndərin uzaqgörən siyasəti Azərbaycanı yeni əsrə iqtisadi baxımdan qüdrətli, yeni minilliyə müstəqil dövlət kimi yetirdi.

O görüşdə çox yaddaqalan bir hadisə baş verdi – Heydər Əliyev görüş keçirilən zalda olan məmurlara müraciət etdi və sahibkarlarla onu tək buraxmağa səslədi. Əlbəttə ki, bu addım sahibkarlarla rahat bir mühitdə ünsiyyət üçün atılırdı.

Bu zaman tribunaya dəvət edilən ilk sahibkarın çıxışı ulu öndərin xoşuna gəlmədi. Çünki həmin sahibkar daha çox əvvəlcədən hazırlanan mətni oxuyurdu. Heydər Əliyev onu dayandırdı, problemlərdən, maneələrdən, inkişafın qarşısını alan amillərdən danışmasını tələb etdi.

Amma həmin sahibkar əvvəlcədən yazılan mətndən kənara çıxa bilmədi. Ondan sonrakı sahibkar da eyni şəkildə çıxış etməyə başlamışdı ki, ulu öndər onu dayandırdı və uca, bir qədər də tələbkar səslə tribunanı və zalı tərk etməsini istədi. Onunla bərabər ilk çıxış edən sahibkarı da saraydan çıxardı.

Dahi rəhbər növbəti sözü qardaşım Nurəddin Zülfüqarlıya verdi. Qardaşım Nurəddinin çıxışı 40 dəqiqəyə yaxın çəkdi. O, işgüzar münasibətləri ləngidən büroktarik əngəllər, bank sektoru ilə bağlı sahibkarların problemləri, ümumilikdə inkişafın qarşısını alan amilləri sadaladı, problemləri açıq şəkildə dilə gətirdi. Zaldan çıxarılan digər iki sahibkardan qəti şəkildə fərqlənən cəsarətli çıxış Heydər Əliyevin xoşuna gəlmişdi. Onun reaksiyası zalda olan digər sahibkarların sürəkli alqışlarına səbəb oldu. Çıxışı zamanı Heydər Əliyev onu bir neçə dəfə dayandırıb bir-iki dəqiqləşdirici suallar verdi, sonda da hamının qarşısında inkişaf etmək üçün nələrin gərək olduğunu xəbər aldı. O zaman fəaliyyətini dayandırmış “Bakı Elektroştamp” və “Bakı Poladtökmə” zavodlarının özəlləşməyə çıxarılması perspektivi vardı. Bizlər də həmin zavodların özəlləşdirməsində maraqlı olduğumuzu, qısa zaman ərzində zavodları işə sala biləcəyimizi söylədik. Elə oradaca iqtisadi inkişaf nazirini dəvət edib məsələnin qısa zamanda həllini istədi. Bizlərə də zavodları işə salıb azı 100 nəfəri işlə təmin etməyi tapşırdı.

Görüş zamanı ümummilli lider hər bir sahibkarın çıxışını diqqətlə dinlədi, yeri gələndə dayandırıb olduqca sərrast suallar verməklə problemləri, qayğıları aydınlaşdırdı.

Ulu Öndərin bu tapşırığı biz Zülfüqarlı qardaşları üçün şərəf idi. Zavodlar qısa bir zamanda hərraca çıxarıldı və bizlər satın alıb tez bir zamanda var qüvvəmizlə zavodların fəaliyyətini bərpa etdik. Çökmüş iqtisadiyyatı olan hər iki zavodun işçilərə, dövlətə və müəssisələrə olan borcları ödənildi, müəssisələrə iri məbləğdə sərmayə qoyuldu. Qısa bir müddətdən sonra artıq zavodlar fəaliyyətdə idi, ümumilikdə zavodlarımızda 2 min 500 nəfər çalışırdı.

Bütün bunlar o dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində var oldu.

Heydər Əliyev iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi və bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında müvafiq fərmanlar imzalaması islahatlarla bağlı prosesləri xeyli sürətləndirdi. Cəsarətlə demək olar ki, 1993-2003-cü illərdə Heydər Əliyev prezident olduğu 10 il ərzində Azərbaycanın iqtisadi inkişaf strategiyasını müəyyən etdi və gərgin əməyi sahəsində buna nail oldu. 1995-2003-cü illər ərzində ölkəmizdə böyük sosial-iqtisadi dəyişikliklər müşahidə olunmağa başladı. Beləliklə də, ulu öndər Heydər Əliyev həm nəzəri səviyyədə, həm də praktikada norma və dəyərlər məcmusunu həyata keçirdi, bu məcmu həyat qabiliyyətli demokratiya modelinə çevrildi. Heydər Əliyevin prezident olduğu dövrdə ölkənin müasir inkişafı üçün möhkəm təməl qoyuldu, Azərbaycanın qərarlaşmış dövlət kimi qəbul olunması təmin edildi, gələcəkdə Azərbaycanın müasir dünyaya inteqrasiyası üçün möhkəm zəmin yaradıldı.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasının Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlanan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir. Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən ulu öndərin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi. Heydər Əliyev bu iqtisadi inkişafda geriliyi tez zamanda aradan qaldırmağa, iqtisadiyyatı inkişaf etdirməyə Azərbaycanın gücü olduğunu dönə-dönə vurğulayırdı: “Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik”.

Heydər Əliyevin söylədiyi bu fikirlər qısa zamanda öz nəticəsini göstərdi. Azərbaycan tez bir zamanda bu iqtisadi böhrandan xilas ola bildi. Heydər Əliyev iqtisadi böhrandan xilas olmaq üçün sahibkarlığın inkişaf etdirilməsini vacib sayırdı və bir sıra islahatlar həyata keçirilməsinə nail olurdu. O zamanlar ölkədə iş yerlərinin çoxu bağlanmış və işsizlərin sayı çoxalmışdı, ölkədə gedən müharibə nəticəsində öz doğma yerlərini tərk etmiş əhalinin xeyli hissəsinin çalışmaq qabiliyyəti olsa da, iş yerlərinin olmaması, pulun inflyasiya dəyərinin aşağı düşməsi, qiymətlərin qalxması, alıcılıq qabiliyyətinin azalması və xarici dövlətlərlə iqtisadi əlaqələrin olmaması iqtisadi böhranı aradan qaldırmağa mane olurdu. 1993-cü il təsdiq edilmiş “Azərbaycan Sahibkarlığının İnkişafı” (1993-1995) adlı Dövlət proqramı Azərbaycanda kiçik və orta sahibkarlarının sayının artmasına, xarici ölkələrə iqtisadi ticarət əlaqələrinin yaranmasına müsbət təsir göstərdi. Heydər Əliyevin apardığı bu siyasət bir sahəni deyil, bir çox sahələri əhatə edirdi.

Azərbaycanın iqtisadi baxımdan inkişafı Ulu öndərin diqqət-qayğısı ilə özünü yüksək nəticələrdə göstərirdi.

Bu gün də Heydər Əliyev ideyaları Azərbaycan hökuməti tərəfindən uğurla reallaşdırılıb və yüksək nəticələr əldə edilib. İqtisadiyyatın proporsional və balanslaşdırılmış inkişafının təmin olunması və effektivliyə doğru irəliləyişi, bazar iqtisadiyyatının intensivləşdirilməsi, liberal iqtisadiyyatın yeni mexanizmlərinin tətbiq olunması və digər islahatlar əhalinin maddi və mənəvi rifahının yüksəlməsinə, sosial ədalətin bərqərar olmasına şərait yaradıb. Bu prinsiplər ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca hədəflərini təşkil edir və dövlət başçısının rəhbərliyi ilə sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması prosesində mühüm uğurlara imza atılmaqdadır. Əsasını ulu öndərin qoyduğu müasir Azərbaycanın iqtisadi inkişaf strategiyası dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, son dövrlərdə həyata keçirilən iqtisadi islahatlar öz uğurlu nəticələrini verməkdədir. Milli iqtisadiyyatın davamlı inkişafı məqsədilə ölkə rəhbərliyi tərəfindən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq olunub. Bu sənəddə əksini tapan 5 prioritetdən biri də məhz dayanıqlı rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır və onun reallaşdırılması üçün sistemli fəaliyyət həyata keçirilir”.

Teqlər: