Azərbaycanda böyük bələdiyyələrin yaradılması düşündürücü
məsələdir. Biz buna doğru gedirik. Bunu AzerTimes-a Milli Məclisin Aqrar siyasət
komitəsinin sədri Tahir Rzayev deyib.
T.Rzayev bildirib ki, Azərbaycanda bələdiyyələr yaranandan sonra
iki dəfə islahatlar keçirilib.
“Həmin islahatlar zamanı mindən çox bələdiyyə birləşdirilib və
ləğv edilib. Zaman göstərir ki, kiçik bələdiyyələr vətəndaşların
tələblərini yerinə yetirə bilmirlər, çünki bu bələdiyyələrin əmlakı
yoxdur, onların fəaliyyəti üçün imkanlar məhduddur. Digər tərəfdən
vətəndaşların kiçik bələdiyyələrə münasibəti zəifdir. Ona görə də
kiçik bələdiyyələrin ləğv edilib birləşdirilməsi prosesi getdi.
Hesab edirəm ki, hazırda da ölkədə bələdiyyələrin sayı çoxdur.
Bizimlə əhalisi və ərazisi təxminən eyni olan ölkələrdə
bələdiyyələrin sayı 200-500 arasındadır. Bu gün Azərbaycanda
bələdiyyələrin sayının azaldılmasına, onların təşkilatçılığının
artırılmasına böyük imkanlar var. Bu da iri şəhər bələdiyyələrinin
yaranmasına zəmin hazırlayır. Əgər kiçik bələdiyyələr vətəndaşların
tələbatlarına cavab vermirlərsə, onlar birləşdirilməlidir və bu
birləşmə də iri şəhər bələdiyyələrinin yaranmasına doğru gedir”, –
deyə T.Rzayev əlavə edib.
O bildirib ki, iri şəhər bələdiyyələrinin yaradılması müəyyən
zaman tələb edir. “Bu gün biz Bakı bələdiyyələrini birləşdirib
böyük Bakı şəhər bələdiyyəsi yaratsaq, uğur qazana bilmərik. Çünki
idarəetmədə çox ciddi problemlər ola bilər. İri bələdiyyənin maddi
texniki bazası, maliyyə vəsaiti, güclü kadrlar olmalıdır. Bu
baxımdan iri şəhər bələdiyyələrinin yaradılması üçün zaman
lazımdır”, – deyə T.Rzayev əlavə edib.