Cəmiyyətdə və siyasi ekspertlər arasında Azərbaycan-Ermənistan münasibətlərinə dair əsasən iki yanaşma formalaşıb. Birinci yanaşma bundan ibarətdir ki, Azərbaycan qalib ölkə olduğundan məğlub ölkəyə şərtlərini diktə etməli, Ermənistanı daha çox sıxmalıdır. Bu sıraya Zəngəzur dəhlizinin güc yolu ilə reallaşmasından tutmuş Ermənistanın Azərbaycana təzminat ödəməsinə qədər, müxtəlif tələblər aiddir. Bu yanaşmanı dəstəkləyənlər növbəti müharibəni də istisna etmirlər.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
“İkinci yanaşma isə bundan ibarətdir ki, 100 illik problemimizi – ərazi bütövlüyümüzü bərpa və Qarabağ üzərində suverenliyimizi tam təmin etmişik, Ermənistanda qalan kəndlərimizi geri qaytardıqdan sonra dünyadakı və bölgədəki reallıqları da nəzərə alaraq, sülh sazişinin imzalanmasına çalışmalıyıq. Bu yanaşmanın fəlsəfəsi ondan ibarətdir ki, Azərbaycana təhlükə yaranmayacağı halda Ermənistanla müharibəyə ehtiyac yoxdur. Azərbaycan Qarabağda quruculuq və məskunlaşma işlərinə hədəflənməli, Ermənistanla müxtəlif səviyyələrdə dialoqu genişləndirməyə çalışmalıdır. Bu, Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqləri də neytrallaşdıracaq, elə son əsir dəyişməsini bəyənməyən ölkə və beynəlxalq təşkilat qalmadı. Azərbaycanın bu siyasəti 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsinə şərait yaratdı”, – politoloq qeyd edib.
E.Şahinoğlu vurğulayıb ki, müharibədə qələbə qazandıq, separatizmə son qoyduq, Ermənistan bundan sonra hərbi və təhlükəsizlik sahəsində Azərbaycanla ayaqlaşa bilməyəcək:
“Bununla yanaşı Azərbaycan dialoqa və yumşaq gücə üstünlük verməklə sülh və regional əməkdaşlığı reallığa çevirəcək, arzuladığımız “Qafqaz evi” layihəsini yaxınlaşdıracaq”.