Dünyada bir neçə ənənəvi konfrans və forum o birilərindən fərqlənir, liderlərin və medianın bu toplantılara marağı daha çox olur. Bunlardan biri MünHen Təhlükəsizlik Konfransıdır. Liderlər Münhendə açıq diskussiya aparır, panellərdə müxtəlif təhlükələrin miqyasının mənzərəsini təsvir etməyə çalışırlar. Bu toplantılarda bəzi liderlər gələcək planları barədə də mesaj verirlər. Misal üçün Rusiya Prezidenti Vladimir Putin Kremlin xarici və təhlükəsizlik siyasətinin sərtləşəcəyini ilk dəfə 2007-ci ildə Münhen Təhlükəsizlik Konfransındakı çıxışında bəyan etmişdi. Dediyi kimi də oldu, Rusiya bir il sonra Gürcüstanın ərazilərini işğal etdi, 7 il sonra isə Krımı ilhaq edərək Ukraynanın şərqinin işğalını planlaşdırdı.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Qərb dövlətləri 2007-ci ildə Putinin çıxışını diqqətə alıb zəruri tədbirlər görsəydilər, bəlkə də bugünkü faciələr baş verməzdi:
“Misal üçün Gürcüstan və Ukrayna elə həmin ərəfədə NATO-a üzv qəbul edilsəydilər, Rusiya Şimali Atlantika Blokuna yeni üzv olan ölkələrə hücuma risk etməzdi.
Azərbaycan Prezidenti İlham Əliyev üçün də Münhen Təhlükəsizlik Konfransında iştirak vacibdir. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra dövlət başçısının beynəlxalq əhəmiyyətli toplantıda ilk iştirakıdır. Münhendə Azərbaycan dövlət başçısı ilə görüşmək istəyənlər sırada gözləyirdilər. Halbuki Ermənistanın ümidi onaydı ki, Qarabağda anti-terror əməliyyatından sonra Qərb ölkələrinin Azərbaycana münasibəti dəyişəcək, Bakıya təzyiq artacaq. Qərbin Azərbaycanla əməkdaşlığa ehtiyacı olduğunu Münhen Təhlükəsizlik Konfransı bir daha göstərdi. Qərbdə bəziləri Qarabağ mövzusunu gündəmdə saxlamağa çalışsa da, onların sayı getdikcə azalır, qərar verən mərkəzlər Bakı ilə əməkdaşlığın genişlənməsində maraqlıdırlar.
Ukrayna Prezidenti Vladimir Zelenski Münhendə İlham Əliyevlə görüşdə ölkəsinə humanitar dəstəyi davam etdirdiyinə görə Azərbaycanın dövlət başçısına bir daha minnətdarlığını bildirdi. ABŞ və Avropa Birliyi Rusiya işğalı qarşısında Ukraynaya dəstəkdən imtina etməyən, Kiyevə yanacaq və zəruri avadanlıqlar göndərən Azərbaycanın bu rolunu da nəzərə almaq məcburiyyətindədirlər”.