İrəvanın Rusiyaya yardımı: Bakı istifadə etməlidir!

İrəvanın Rusiyaya yardımı: Bakı istifadə etməlidir!

Bu qədər sərt sanksiyalara baxmayaraq, Ermənistan Rusiyaya açıq şəkildə kömək etməklə, əslində Qərbin üzünə sərt bir şillə vurur. Ancaq Qərb hələlik buna susur.

Bu sözləri AzerTimes-a Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaq üçün yaratdığı imkan haqqında danışan Azərbaycanın keçmiş maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov deyib.

Onun sözlərinə görə, Ermənistan öz məqsədləri üçün Rusiyaya kömək edir:

“Ermənistanın dəstəyi onun Rusiya sevgisindən irəli gəlmir. Ermənilərin bu gün ruslara kömək etmək niyyəti yoxdur, onların ali məqsədi, sadəcə olaraq, Rusiya ətrafında yaranmış vəziyyətdən bəhrələnərək, daha çox qazanc əldə etməkdir. Ermənistan Rusiyanın düşdüyü durumu dəyərləndirib, öz çirkin oyununu oynayır. O, bir tərəfdən sanksiyalara qarşı gedərək Rusiyaya yardım göstərir, digər tərəfdən Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit edilmiş öhdəliklərin ölkə konstitusiyasına uyğun olduğunu tanıyır. Bu tanıma əslində Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putinin həbs edilməsi barədə qərarını da qəbul etməkdir. Yəni Putin bu qərarı tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. İlk baxışda çox ciddi bir paradoksdur, deyilmi? Ancaq əslində bu, erməni xislətinin iç üzüdür”.

F.Yusifov onu da vurğulayıb ki, etibarlı tərəfdaş olmasına baxmayaraq, Azərbaycan hər zaman Qərbin ikiüzlü siyasəti ilə üzləşib:

“Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin ilk günündən Ermənistan Qərbin sanksiyalarından yayınmaq üçün ona müxtəlif yollarla yardım edir. Bir anlıq təsəvvür edin ki, Azərbaycan Rusiyaya belə bir yardım göstərsəydi, nələr baş verərdi? Heç şübhəsiz, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar çoxdan və eyni səviyyədə Azərbaycana tətbiq olunardı. Qərb Qarabağ münaqişəsi başlayan gündən indiyədək Ermənistanı dəstəkləyir, onu himayə edir, Azərbaycanın Qarabağ həqiqətlərinə göz yumur, onu görməzdən gəlir. Biz artıq uzun illərdir ki, Qərbin iyrənc ikili standartlarının şahidiyik”.

Teqlər: