İrəvanın Qarabağda nə etdiyini görürük – Moskvadan baxış

İrəvanın Qarabağda nə etdiyini görürük – Moskvadan baxış

İrəvan Qarabağla bağlı üçtərəfli razılaşmaların qərəzli pozucusudur. Ermənistan silahlı birləşmələri Azərbaycanın Qarabağ bölgəsndə əməliyyatlarını davam etdirir. Bu qüvvələr Paşinyanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq hələ də geri çəkilməyiblər. Ona görə də Mirzoyanın açıqlamaları İrəvanın qeyri-konstruktiv kursunu bir daha vurğulayır.

AzerTimes xəbər verir ki, bunu “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı siyasi analitik İqor Korotçenko Ermənistanın XİN rəhbəri Mirzoyanın rusiyalı həmkarı Lavrovla görüşündə səsləndirdiyi bəyanatları şərh edərkən deyib.

“Moskva bu vəziyyətdə, əvvəlki oxşar situasiyalarda olduğu kimi, kimlə məşğul olduğunu başa düşür və buna görə də heç bir prinsipial yeni nəticə və ya bəyanatlar verməyəcək. Lavrov artıq əvvəlki çıxışlarında Ermənistanın təcavüzkar olması, Azərbaycan ərazilərinin azad edilməsi kimi sözlərdən istifadə edib. Moskvanın İrəvanla bağlı siyasətini Mirzoyanın ritorikası yox, Ermənistan rəhbərliyinin əməli hərəkətləri müəyyən edəcək.

İrəvan bütün yaranan problemlərə görə Rusiya tərəfini və KTMT-ni günahlandırmaqda qərarlıdır, eyni zamanda Qərblə sıx münasibətlər qurmağa çalışır. Biz bunu izləyirik. Avropalı müşahidəçilər missiyası İrəvana gəlib – bunlar diplomatik pərdə altında olan xüsusi xidmət orqanlarının peşəkar zabitləridir. Onlar Moskva ilə İrəvan arasında münasibətləri daha da parçalayacaqlar. Bu, Paşinyanın şüurlu seçimidir. Yaxşı, unutmayaq ki, Rusiya əleyhinə kütləvi aksiyalar və ən vəhşi rusofobiya ilə çıxışlar bu gün Ermənistanın siyasi reallıqlarıdır. Biz də bunu görürük və unutmuruq”, – o bildirib.

Laçın yolundakı vəziyyətə gəlincə, Korotçenko xatırladıb ki, Qarabağda mədənlərdə monitorinqin aparılmasını istəyən azərbaycanlı ekoloji fəalların orada dinc aksiyası keçirilir:

“Bu problem həll olunana qədər, təbii ki, yolun iş rejimi indiki kimi olacaq, yəni humanitar yardımlar, təcili yardım maşınları, Qırmızı Xaç maşınları, sülhməramlılar sərbəst hərəkət edəcək. Azərbaycanlı fəallar Qarabağ ərazisində qızıl, molibden və digər qiymətli metal yataqlarının monitorinqi ilə bağlı qanuni tələb irəli sürdükləri üçün əslində blokada yoxdur. Lakin bu məsələ hipotetik şəkildə həll edildikdə belə, vəziyyət çətin olaraq qalacaq.

Avropalı qonaqlar, xüsusən də Fransadan hər dəfə Azərbaycanın Qarabağına gələrək Bakı və Moskvanı müxtəlif suçlarda ittiham edən tamaşalar təşkil edirlər. Onların girişinə qadağa qoyulmalıdır”.

O xatırladıb ki, Bakı Qarabağ ermənilərinin nümayəndələri ilə ermənilərin Azərbaycanın hüquqi-siyasi məkanına inteqrasiya ilə bağlı danışıqların növbəti raundunun keçirilməsini təklif edib:

“Bu, məqsədə – regionda sülh və əmin-amanlığın hökmranlığına aparacaq yoldur. Amma əsas şərt Qarabağda yerləşən Ermənistanın qanunsuz silahlı birləşmələrinin və silahlarının Azərbaycan ərazisindən tamamilə çıxarılmasıdır. Bu edilməyincə təxribatlar, gülləbaranlar təəssüf ki, davam edəcək”.

Teqlər: