İrəvanın bir yolu var: Bakı ilə… – Asatryandan sensasiya

İrəvanın bir yolu var: Bakı ilə… – Asatryandan sensasiya

Ermənistan heç kimə lazım deyil, İrəvan Bakı ilə dil tapmalıdır. İndi deyəcəklərim yəqin ki, ilk baxışdan çox xoşagəlməz səslənəcək. Amma sərt həqiqət hər yalandan qat-qat yaxşıdır, hətta bu yalan çox şirin olsa belə. Təklif edirəm ki, indi dediklərimin hamısı Ermənistan dövlətinin gələcək inkişafı konsepsiyaları üçün əsas götürülsün.

AzerTimes xəbər verir ki, bunu KUPOL beynəlxalq əməkdaşlığa dəstək fondunun Himayəçilər Şurasının sədri Sərkis Asatryan deyib.

“Birincisi, aydın başa düşməliyik ki, qonşularımız: Azərbaycan və Türkiyə yaxın onilliklərdə “bir millət, iki dövlət” prinsipi əsasında birliklərini möhkəmləndirəcəklər. Türkiyə ilə Azərbaycanın müttəfiqlik baxımından ortaq cəhətləri çoxdur. Bu, ilk növbədə, dildir, ikisi də türkdür; bu, din amilidir, bu ümumi mentalitet faktorudur. Həm də vacib olan geosiyasi, geostrateji maraqlardır. Aydın şəkildə başa düşməliyik ki, Türkiyə və Azərbaycan təbii müttəfiqdir. Azərbaycan isə başqa bir müttəfiqlik, məsələn, Rusiya ilə müttəfiqlik naminə Türkiyənin müttəfiqliyindən heç vaxt imtina etməyəcək. Türkiyə və Rusiya tərəzidə olsa, Azərbaycan eyni dildə danışdığı üçün mütləq Türkiyəni seçəcək. Onlar bir millətdir, onilliklər ərzində ümumi etnik qrupun formalaşmasına doğru irəliləyirlər. Ermənistan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Pakistanın yeni güclü iqtisadi, eləcə də hərbi-siyasi birlik yaradacağını dərk etməlidir. Bu qaçılmazdır. Bu bir faktdır.

İkincisi, rus və erməni xalqlarının üç yüz illik dostluğu, şübhəsiz ki, qiymətsizdir. Amma Rusiya ən azı regional güc olmaqla heç vaxt öz maraqlarının zərərinə hərəkət etməyəcək. Kreml Ermənistanla münasibətləri naminə Türkiyə və Azərbaycan əleyhinə getməyəcək. Yəni tərəzidə Ermənistan-Rusiya münasibətləri var, Rusiya-Türkiyə əlaqələri var, Rusiya-Azərbaycan münasibətləri var. Rusiya isə bu üç tərəzidən Ermənistan-Rusiya əməkdaşlığının xeyrinə seçim etməyəcək, çünki Rusiyanın öz maraqları var. Heç bir halda inciyib, kin tutmayaq ki, nə üçün Rusiya Türkiyədə və ya Azərbaycanda öz maraqlarından əl çəkib Ermənistanın maraqlarını qorumur.

Üçüncüsü, dərk etməliyik ki, qonşu seçilmir, qonşu heç yerə getməz. Ermənistan isə dörd qonşu ilə əhatə olunub. Onların hamısı Ermənistandan qat-qat böyük və güclüdür. Bura Azərbaycan, İran, Türkiyə, Gürcüstan daxildir. Bunlar qonşulardır. Qonşularla dost və ya neytral münasibətdə olmaq düşmənçilik etməkdən daha yaxşıdır.

Əbəttə ki, hücum zamanı müharibəyə hazır olmaq lazımdır. Amma nifrət nitqi keçmişdə qalmalıdır. Evdə heç bir işi olmayan, qonşularına, o cümlədən türklərə və azərbaycanlılara qarşı nifrət və ksenofobiya qızışdırmaq istəyən kreslo mütəxəssisləri praqmatik deyillər. Azərbaycanlılarla ortaq dil tapmalıyıq. Müharibə müharibədir, amma müharibədən sonra biz özümüzü dərk etməliyik və nifrətin kökünü kəsməliyik. Təklif edirəm ki, Bakı və İrəvan parlamentləri səviyyəsində Azərbaycan və Ermənistanda nifrətin qadağan edilməsi haqqında qanun layihəsi və eyni vaxtda qanun qəbul edilsin”, – o bildirib.

Asatryan qeyd edib ki, Ermənistan bir sıra səbəblərdən heç bir hərbi-siyasi blokun, xüsusən də NATO-nun marağında ola bilməz:

“Başqalarının adını belə çəkməyəcəyəm, çünki Türkiyə NATO blokunun bir hissəsidir. Türkiyə ordusu NATO-nun ikinci ordusudur. Şimali Atlantika hərbi-siyasi bloku hansısa maraqlarda, bütün digər layihələrdə, proqramlarda Türkiyə tərəfinin maraqlarını nəzərə almadan addım ata bilməz. Bu, acı həqiqətdir. Səfirliklərə gedən o 300-500 dollarlıq kukla fiqurların hamısı bu erməni pulunu alır, NATO-da dəbdəbəli gələcək təklif edir və s. Görün, neçə onilliklərdir ki, Türkiyənin maraq zonasına daxil olmayan digər ölkələrə belə bir perspektiv vəd edilib. Həmçinin Gürcüstan, Ukrayna ilə nə baş verdi? Amma onlar Türkiyənin maraq zonasına daxil deyildi. Hansı perspektivdən danışa bilərik? Bütün bunlar dövlətçiliyimizi sadəcə məhv edəcək ucuz vədlərdirsə, Ermənistanın NATO-ya daxil olmasının perspektivi nədir? Texniki cəhətdən də bu mümkün deyil. Bu, acı həqiqətdir”.

Teqlər: