İrəvanın Bakıya “sürprizi”: müttəfiqlərimizə uzanan əl…

İrəvanın Bakıya “sürprizi”: müttəfiqlərimizə uzanan əl…

Ermənistan ətrafında baş verən proseslər – bir tərəfdən silahlandırılması, digər tərəfdən isə iqtisadi müstəvidə dəstəyin verilməsi bu ölkənin “xilas edilməsi” planının işə salındığını deməyə əsas verir.

Bu sözləri AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Ermənistan rəsmilərinin Avropa və ərəb ölkələrinə səfərlərini şərh edərkən deyib.

A.Camal bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Misirə səfəri iki ölkə arasındakı münasibətlərin inkişafı ilə yanaşı, ümumilikdə ərəb ölkələrinin rəsmi İrəvana dəstəyinin təmin edilməsi məqsədi daşıyır:

“Bu, Paşinyan hakimiyyətinin uğurlu xarici siyasətindən daha çox, Qərb tərəfindən həyata keçirilən Ermənistanın “xilas edilməsi” planının tərkib hissəsidir. Məqsəd Ermənistanın Rusiyadan tamamilə qurtulmasını təmin etməkdir. Bunun üçün iki sektorda bu ölkəni təmin etməlidirlər: birincisi hərbi, ikincisi iqtisadi”.

Onun sözlərinə görə, Ermənistanın hərbi təchizatını Fransa üzərinə götürüb:

“Paşinyanın Parisə səfərindən sonra Fransa müdafiə nazirinin İrəvana gəlişi və imzalanan hərbi müqavilələr Ermənistanın silahlandırılmasının daha geniş müstəviyə keçdiyini göstərir. Erməni baş nazirin Yunanıstana səfəri, ardınca bu ölkənin müdafiə nazirinin də İrəvana gəlişi də buna hesablanmışdı. Yunanıstan müdafiə naziri hətta Ermənistanda “üçtərəfli, dördtərəfli hərbi müttəfiqlik sazişlərindən” bəhs etdi. Fransa yalnız özü silah tədarük etmir, həmçinin təsirində olan ölkələr – Yunanıstan, Cənubi Kipr, Hindistan vasitəsilə bunu davam etdirir, eyni zamanda Ermənistan artıq Yunanıstan və Kiprlə birgə, üçtərəfli hərbi müttəfiqlik sazişi imzalayıb.

Əsas çətinlik Qərb silahlarının Ermənistana hansı marşrutla çatdırılacağıdır. Bu məsələdə Qara dəniz yolu real marşrutlardan biri kimi qiymətləndirilir, lakin bu marşrutun tam təmin edilməsi üçün Gürcüstanın da razılığı lazımdır və rəsmi İrəvan buna nail olmağa çalışır”.

A.Camalq qeyd edib ki, Ermənistanın silahlandırılması Paris-Afina-Tiflis-İrəvan marşrutu üzrə həyata keçirilə bilər.

Politoloqun fikrincə, Qərb Ermənistanın silahlandırılmasını təmin etsə də, iqtisadi baxımdan Rusiyadan asılılığı nəinki azalır, hətta artmaqdadır:

“2020-ci il müharibəsindən sonra Ermənistanın qərbyönlü siyasəti daha açıq müstəviyə keçsə də, iqtisadi baxımdan Ermənistan birbaşa Rusiyaya bağlıdır. Təkcə ona görə yox ki, Ermənistanın bütün enerji infrasturturu Rusiyanın əlindədir. Həm də Qərb Ermənistanın iqtisadi baxımdan inkişafı üçün bu ölkənin Rusiyaya qarşı sanksiyaları dəlməsinə göz yumur. Nəticədə 2021-ci ildə Ermənistanın Rusiyaya ixracı 700 milyon civarında idisə, 2022-ci ildə bu rəqəm 4 dəfə artdı, 2023-cü ildə isə tarixi rekord qırdı. Ermənistanla Rusiya arasında 2023-cü ildə ticarət dövriyyəsu 7,3 milyard dolları keçib. Yəni faktiki olaraq Ermənistanın 2022 və 2023-cü illərdə öyündüyü “iqtisadi sıçrayış” birbaşa Rusiyaya qarşı sanksiyaların dəlinməsi hesabınadır. Rusiya isə artıq açıq şəkildə KTMT-dən çıxacağı təqdirdə Ermənistanın Aİİ-dən də uzaqlaşmalı olduğunu elan edib. Bu isə Ermənistanın iqtisadi baxımdan çöküşü deməkdir. Ona görə də Qərb Ermənistanın Rusiyadan asılılığını azaltmaq planını sürətləndirib”.

Ekspert xatırladıb ki, AB Ermənistana ayırdığı 2,6 milyardlıq dəstək paketinin artıq 550 milyon avrosunu təqdim etdi:

“AB-nin bu ölkədəki səfiri Vasilis Maraqos parlamentarilərlə görüşdə əlavə olaraq büdcə dəstəyini və hökumət islahatlarına yardımı davam etdirəcəklərini bildirib. Eyni zamanda, ərəb ölkələri ilə Ermənistan arasında körpülərin sürətlə qurulması prosesi də aparılır. Çünki ərəb dünyası Qarabağ işğalda olan dövrdə Azərbaycana görə Ermənistanla məsafə saxlayırdı. İşğala son qoyulduqdan sonra ərəb dünyasının Ermənistanla yaxınlaşması Azərbaycanda da normal qarşılanır, lakin bu yaxınlaşmanın proqnozlaşdırılandan daha çox olması diqqətdən qaçmamalıdır. Misal üçün, ötən ilin statistikasına görə, Birləşmiş Ərəb Əmirliyi Rusiyanı qabaqlayaraq, Ermənistanda ən böyük birbaşa investora çevrilib. Bunun sırf iqtisadi münasibətlərdən qaynaqlandığını düşünmək diletanlıq olardı. Çünki BƏƏ-nin Qərblə, xüsusilə ABŞ-la sıx münasibətlərinin olduğu, bir çox hallarda xarici siyasi kursunu koordinasiya etdiyi bəllidir. Həmçinin Birləşmiş Ərəb Əmirliyi Ermənistanın ticarət tərəfdaşları arasında 2,3 milyardlıq dövriyyə ilə Rusiyadan sonra ikinci yerə qalxıb. BƏƏ ilə pul köçürmələrində 2023-cü ildə artım isə 100%-dən çoxdur.

Yada salaq ki, Paşinyan silah üçün Fransaya səfər etdiyi vaxt Ermənistan Prezidenti Vaaqn Xaçatryanın BƏƏ də daxil olmaqla, ərəb ölkələrinə getməsi təsadüfi deyildi. Bu gün Paşinyanın Misirə səfəri də təsadüfi deyil. Görünür, Rusiyanı Ermənistanda hərbi baxımdan Fransa və müttəfiqləri, iqtisadi əlaqələr baxımından isə ərəb ölkələrinin əvəzləməsi düşünülür. Mümkündür ki, Ermənistan qaz alışını da “şaxələndirsin” və yəqin ki, bu baxımdan İran da qismən İrəvana dəstək verəcək. Ancaq böyük ehtimalla bu təchizatın da əsas hissəsini ərəb ölkələrinin üzərinə çəkməsi istənilir”.

A.Camal onu da vurğulayıb ki, İranın illərdir Ermənistana xüsusi dəstək verməsinə, hərbi-siyasi yardım göstərməsinə, hətta Ermənistanın sərhədini “qırmızı xətti” adlandırmasına baxmayaraq, hazırda Tehran kənarda saxlanılır:

“İran Ermənistanın ticarət tərəfdaşları arasında 692 milyon dollarla ilk 3-lüyə düşə bilməyib, baxmayaraq ki, yalnız son bir ildə müxtəlif sahələrdə onlarla saziş imzalanıb, hətta İran Ermənistanı “şimal qapısı” adlandırır. Həmçinin İran Ermənistanı “qorumaq üçün” 2020-ci il müharibəsindən sonra sərhədimizə 2 dəfə ordu toplayıb, meydan sulasa, bu ölkəyə milyonlarla dollarlıq raketləri hədiyyə etsə də, son aylar dəfələrlə Ermənistana göndərdiyi hərbi müttəfiqlik sazişi imzalamaq təklifi (bəzən bu təklif təzyiq səviyyəsində edilir) geri çevirilir. İrəvan Tehranla hərbi əməkdaşlığı genişləndirməyə meyilli deyil. Bu da Qərbdən gələn təlimatdır. Qəribədir ki, İran Ermənistanın bu ikili siyasətini görsə də, İrəvana “sevgisini” artırmaqda davam edir. Əminliklə deyə bilərik ki, Qərb İranı Ermənistana buraxmayacaq və İrəvan Tehrana da xəyanət edəcək. Bunun sübutu kimi İranın iradəsinə zidd olaraq regiona kənar qüvvələrin sürətlə yerləşdirilməsini göstərə bilərik”.

A.Camal hesab edir ki, Azərbaycan proseslərin bu istiqamətdə inkşafını xüsusilə izləməli və ərəb ölkələrinin Ermənistanla münasibətlərində bizim üçün perspektiv təhlükələri qiymətlədirməlidir:

“Azərbaycanın ərəb dünyası ilə sıx əlaqələri var. Lakin Ermənistanın da paralel şəkildə bu dünyaya soxulduğunu diqqətdən qaçırmamalı, bunun yarada biləcəyi risklərin qarşısını öncədən almalıyıq”.

Teqlər: