İrəvanın “bacısı” Makron uduzdu: Qafqazda nələr dəyişəcək?

İrəvanın “bacısı” Makron uduzdu: Qafqazda nələr dəyişəcək?

Emmanuel Makronun Fransa Milli Assambleyasının növbədənkənar seçkilərinin II turunda da məğlub olması onun mövqelərini ciddi şəkildə zəiflədəcək və bu, təkcə Fransa daxilində yox, Makronun Cənubi Qafqaz da daxil olmaqla, müxtəlif bölgələrdə həyata keçirməyə çalışdığı neokolonizmə əsaslanan müdaxilə planlarına da təsir edəcək.

Bunu AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Fransada seçkilərin nəticələrini şərh edərkən deyib.

A.Camal qeyd edib ki, Makron Milli Asambleyaya növbədənkənar seçkilər təyin etməklə düşdüyü vəziyyətdən çıxmağa çalışırdı:

“Fransada sağçıların yüksəlişi müşahidə edilir və Avropa Parlamentinə seçkilərdə onların qələbə qazanması sağın güclənməsinin real olduğunu göstərdi. Makron həmin ərəfədə sağçıların səsini boğmaq, həmçinin, Fransadakı erməni icmasının səslərini qazanmaq üçün Azərbaycana hücum taktikasını yenilədi. Bir tərəfdən Ermənistanın silahlandırılması, digər tərəfdən Yeni Kaledoniyada baş verənləri Azərbaycanın üzərinə yıxmaq cəhdləri etdi. Yeni Kaledoniyada yerli kanakların seçki hüququna müdaxilə Fransa daxilində sağ mövqeli seçiciləri ələ almağa hesablanmışdı, lakin adada başlayan etiraz aksiyaları Makronun yanlış addım atdığını ortaya çıxardı və sağçılar bu siyasəti dəstəkləmədi. Vəziyyətdən çıxmaq üçün Makron Azərbaycanı “kənar düşmən” elan etməklə məsliyyətdən yayınmağa çalışdı. Bu, həm də ermənilərin dəstəyini qazanmaq gedişi idi. Buna paralel olaraq, “Sezar” artilleriya qruğularının Ermənistana verilməsi ilə bağlı müqavilənin təcili imzalanması da Makronun seçki gedişlərindən biri idi. Lakin Makron məğlub oldu. Çünki o, əvvəldən Ermənistanı bu qədər açıq və qərəzli şəkildə dəstəkləməklə “yanlış ata” oynayırdı, bu gün də bu siyasətinin “bəhrəsini yeyir”.

A.Camal hesab edir ki, Makronun partiyasının seçkilərdə məğlubiyyəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədəcək:

“Bu vəziyyətdə Fransa Cənubi Qafqaz siyasətinə korrektlər etməyə məcburdur. Makron prezident kimi qalır, lakin yeni qurulacaq hökumətdə seçkinin əsas qalibi olan solçular, eləcə də mövqelərini gücləndirmiş sağçılar da yer almalıdır. Bu halda hökumət Makronun yanlış siyasətinə müdaxilə etməli olacaq. Biz Fransanın Ermənistan siyasətinin tamamilə dəyişəcəyini gözləməməliyik, çünki bu ölkədə erməni diasporu/lobbisi Yelisey sarayının dəhlizlərinə qədər sıza bilib, lakin rəsmi Parisin aqressiv və sülhə qarşı olan siyasətində yumşalmalar ola bilər”.

Politoloqun fikrincə, Makronun məğlubiyyəti Ermənistanı da çətin vəziyyətə salır:

“Ermənistanın Cənubi Qafqazda sülhə qarşı olan mövqeyində Fransanın təsiri həmişə olub, xüsusilə Paşinyan hakimiyyəti antirusiya siyasətindən sonra Parisi əsas “dayaq nöqtələrindən” biri kimi görürdü. Fransanın Cənubi Qafqazda mövqelərinin zəifləməsi Ermənistanın sülhə qarşı olan siyasətinə də təsir edəcək”.

A.Camal vurğulayıb ki, hadisələr Ermənistanın Azərbaycanın haqlı tələblərinə uyğun sülh sazişini imzalamaq vəziyyəti ilə üz-üzə qalacağı yönündə inkişaf edir.

Teqlər: