44 günlük savaşın nəticəsi olaraq öz sərhədlərinə çıxan Azərbaycan Ordusu Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini nəzarət altına alandan sonra ermənilərin tikintisinə başladığı alternativ yolun çəkilişi yenə yarımçıq qalıb.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, aylardır davam edən bir neçə km-lik Urud-Şahverdilər yolunun tikintisinin yarımçıq qalmasına səbəb sürüşmədir.
Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi bildirib ki, yol sürüşmə sahəsindən keçdiyi üçün layihədə dəyişiklik edilir. Buna görə də inşaat işləri dayandırılıb.
Qeyd edək ki, Ermənistanı İranla birləşdirən bu magistralın 21 km-lik hissəsi Azərbaycan ərazisindən keçir. Azərbaycan 2021-ci ilin sentyabrında yolda gömrük və sərhəd postu quraraq, yük maşınlarından tranzit ödənişi tələb edir. Buna qarşı Ermənistan darısqal, daş-kəsəkli və sərt döngələr olan Şahverdilər yolundan istifadə edilməsi üçün yolun genişləndirilmə işlərinə başlamışdı. İran yük maşınlarının bir çoxu gömrük rüsumu verməmək üçün torpaq yoldan istifadə edirdilər ki, bu da dəfələrlə ciddi qəzalara səbəb olmuşdu, həmçinin iritutumlu yük maşınlarının torpaq, ensiz və sərt döngəli yolda hərəkəti mümkünsüz idi.
Ermənistan həmin yolun tikintisini yaz aylarında tamamlayacağını açıqlasa da, indi bəlli olur ki, aylardır tikinti aparılmır.