Hindistanın artilleriya sistemləri indiyədək Pakistanla sərhəd münaqişələrində yalnız ölkənin özü tərəfindən istifadə edilib. Onlardan bəziləri hələ Hindistan Silahlı Qüvvələrinin xidmətinə verilməyib, sınaq mərhələsindədir. Niyə effektivliyini hələ sübut etməyən Qərb silahlarının analoqlarını alırsınız? Müqavilə imzalandıqdan sonra Yeni Dehli vəd edilmiş bəzi silah növlərinin vaxtında və keyfiyyətli istehsalını qura bilmədi.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Rodionov Ermənistanın Hindistan və Fransa silahlarını almasını şərh edərkən deyib.
“Hələ Hindistandan alınan silahların Rusiyadan 2-4 dəfə baha olması faktını demirəm. Bundan əlavə, hərbi vasitələrin instruksiyasının təkcə erməni dilinə tərcüməsi üçün 2-3 milyon dollar ödənilib. Ermənistan da Azərbaycan kimi birdəfəlik Rusiya silahlarından imtina etmək qərarına gəlib? Amma Azərbaycan KTMT-nin üzvü deyil. Bəli, Bakı bunu maliyyə cəhətdən ödəyə bilər – proses nəinki ləng, həm də bahalıdır. Ancaq İrəvanda sadəcə olaraq lazımi sayda xidmət personalı, təmir obyektləri, ehtiyat hissələri yoxdur – bütün bunları sıfırdan yaratmaq lazımdır. Uzunmüddətli təlim tələb olunacaq, hind sistemləri hələ Ermənistan iqlimində sınaqdan keçirilməyib. Hindistandan gətirilən son silah partiyasının 30%-dən çoxu bir neçə atışdan sonra sıradan çıxıb, onları aylarla təmir etmək mümkün deyil. Alınan artilleriya qurğuları maksimum atəş məsafəsi xətti boyunca sınaqdan keçirilməyib. Bundan başqa, alınan sistemlər üçün sursatın miqdarı orduda tələb olunan minimum saya uyğun gəlmir, sursatın özü isə Ermənistan Silahlı Qüvvələrinin balansında olan digər sistemlərlə bir araya sığmır. Logistika məsələləri mürəkkəb və baha başa gəlir, problemlərin operativ həllini təmin etmir (mütəxəssislərin yerdəyişməsi, təmir, idxal və s.). Bu sistemlərinin keyfiyyəti ilə bağlı böyük suallar var. Onlardan birbaşa istifadə edən mütəxəssislər Hindistandan alınan silahların böyük hissəsindən son dərəcə narazıdırlar. Onlar hesab edirlər ki, müqavilənin imzalanması mütəxəssislərin istəyi ilə deyil, ilk növbədə siyasi qərarla müəyyən edilib. Sözügedən silahların alınması ilə bağlı qərarın hərbi-praktik baxımdan sadəcə məntiqi izahı yoxdur. Bu, sırf Rusiya ilə əlaqəni kəsmək siyasətidir. Qəribə məntiq yaranıb: İrəvan Moskvanı verdiyi zəmanətlərin səmərəsizliyində ittiham edir, eyni zamanda heç bir zəmanət verməyən digər ölkələrlə fəal əməkdaşlıq edir”, – o bildirib.
Politoloq qeyd edib ki, açıq və nümayişkaranə surətdə silahlanma birmənalı olaraq deeskalasiyaya kömək etmir:
“Bu, silahlanmanı çağırış kimi qəbul edən Bakıya sərbəstlik verə bilər. Hindistanı başa düşmək olar: gənc oyunçu kimi kimliyindən asılı olmayaraq qlobal silah bazarında alıcılara ehtiyacı var. Fransanın motivasiyası da aydındır. Bu ölkə dünyanın aparıcı silah istehsalçılarından biridir və bazarı genişləndirməlidir. Üstəlik, bundan çoxlu pul qazanırlar: onlar zirehli texnikalarını Ermənistana 450 min avroya satırlar, hətta Ukrayna da bu “səxavətli” təklifdən imtina edib. Siyasi tərəfi də var – İrəvanı Moskvadan qoparmaq. Amma təhlükəsizliklərinin yeganə zəmanəti olan Rusiyadan uzaqlaşaraq oturduqları budağı kəsən İrəvanın hərəkətlərini anlamaq daha çətindir”.