Təmas xəttindəki son toqquşma Ermənistanın Avropa Birliyinə olan ümidlərini puça çıxardıb. Baş nazir Nikol Paşinyan və onun nazirləri elə zənn edirlər ki, Avropa Birliyinin bir neçə yüz nəfərlik missiyasını iki illiyinə təmas xəttində yerləşdirəndən sonra onlara arxalanaraq sərhədi öz bildikləri kimi formalaşdıracaqlar və Azərbaycana qarşı təxribat etdikdə əks-zərbəylə üzləşməyəcəklər.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“İrəvan hesab edirdi ki, Azərbaycan Avropa missiyasının bölgədə varlığını nəzərə alaraq Ermənistanın təxribatına cavab verməyəcək. Ancaq yanıldılar. Avropa Birliyinin təmas xəttindəki missiyasının simvolik xarakter daşıdığı son toqquşma zamanı üzə çıxdı. AB prosesləri kənardan izləməyə üstünlük verməklə nə Ermənistanın təxribatlarında pay sahibi olmaq, nə də Azərbaycanla üz-üzə qalmaq istədi. Tamamilə doğru qərardır”, – politoloq bildirib.
E.Şahinoğlunun sözlərinə görə, İrəvan AB missiyasının Brüssel üçün hazırladığı hesabatdan xəbərsizdir:
“Ermənistanda missiya ilə bağlı başqa bir mövzu da gündəmi zəbt edib. Ermənilər ondan şübhəlidirlər ki, missiyanın Brüsselə göndərdiyi hesabatlar daha sonra tanışlıq məqsədilə Azərbaycana təqdim edilir. Ermənistan müxalifəti bu qənaətə gəlib ki, AB missiyasının təmas xəttindən hazırladığı hesabatlar daha sonra Bakıya ötürülürsə, bu, Azərbaycanın Ermənistanla bağlı məxfi məlumatlarla tanış olması anlamına gəlir.
Elə bu məqamda Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova təmas xəttindəki son toqquşma ilə bağlı İrəvana “AB missiyasını bölgədə yerləşdirəndə sonu belə olmalıydı…” mesajını göndərib”.