Ermənistanın Rusiyaya sanksiyalardan yayınmağa gizli dəstək verməsi ilə bağlı məlumatlar statistik məlumatlarda daha aydın görünür.
AzerTimes xəbər verir ki, Ermənistanın rəsmi qurumlarının yaydığı məlumata görə, 2022-ci ildə Ermənistan və ABŞ arasında ticarət dövriyyəsi təxminən 465 milyon dollar təşkil edib. Bu da əvvəlki illə müqayisədə 2,2 dəfə çoxdur.
İrəvanla AB-yə üzv ölkələr arasında ticarət dövriyyəsi isə əvvəlki illə müqayisədə 43,8% artaraq rekord həddə, demək olar ki, 2 milyard avro olub.
İrəvandan AB ölkələrinə ixrac 2021-ci illə müqayisədə 17,8% artıb. Məsələn, 2022-ci ildə Ermənistanla Fransa arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə təxminən 30% artaraq 122,5 milyon dollar təşkil edib.
Ümumilikdə ötən ilin yanvar-dekabr aylarında Ermənistandan ixrac 2021-ci ilin eyni dövrü ilə müqayisədə 77,7% artaraq 5 milyard 360,1 milyon dollar təşkil edib.
İdxal 2021-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 63,5% artaraq 8 milyard 768,7 milyon dollar təşkil edib.
Burada Rusiyanın ATİ şirkətinin direktoru Svyatoslav Vildenin bəyanatı da xüsusi diqqət tələb edir. Vilde qeyd edib ki, Rusiya marşrutlarını dəyişib və dost ölkələr vasitəsilə getdikcə daha çox yük daşıyır:
“Məsələn, Ermənistan vasitəsilə idxal 79%, ixrac isə 59% artıb. Qərbin sanksiyaları fonunda Rusiyadan avtomobil ixracı cəmi 8% azalıb. Bəzi sahələrdə azalma digərlərində artımla kompensasiya olunur”.