Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Politico” nəşrində gedən məqaləsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərini Laçından daha yaxın və sürətli keçidi təmin edən yollarla ərzaq, dərman və daha çox məhsulla təmin etməyi təklif edib:
“Azərbaycanın təklif etdiyi quru marşrutları Avropa İttifaqı, ABŞ və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyat qabiliyyətli və istifadəyə yararlı kimi qəbul edilir və məhz bu həftə ABŞ-ın dövlət katibi Antoni Blinken hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırıb. Amma beynəlxalq mediada yazılanlar fərqli bir şeyi təmsil edir.
Qonşu Azərbaycanda yaşayan etnik erməniləri vahid monoetnik marşrutla yalnız Ermənistanın təmin etməsi fikri nədənsə bir növ beynəlxalq ictimaiyyət və media üçün məqbuldur.
Bizə deyirlər ki, bu münaqişə digərlərindən fərqlidir, ermənilər bizim tariximizə görə azərbaycanlılarla eyni ölkədə yan-yana yaşaya bilməzlər. Ancaq həm keçmişimiz, həm də bu günümüz bizə bunun sadəcə olaraq doğru olmadığını öyrədir.
1990-cı illərin müharibəsinə qədər Qarabağda azərbaycanlılarla etnik ermənilər birlikdə, çiyin-çiyinə, sülh şəraitində yaşayırdılar. Bu gün Azərbaycanda 30 min nəfərlik yəhudi icması yaşayır. Yevangelist xristian icması böyüyür.
Gürcülər, ruslar, ukraynalılar hamısı bugünkü çoxmillətli və çoxkonfessiyalı ölkəni təşkil edir. Bu, Qarabağ ermənilərinə də şamil edilə bilər və olmalıdır. Lakin Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr var”.