Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış daha bir Türkiyə idmançısı qələbəsini Azərbaycana həsr edib.
AzerTimes xəbər verir ki, 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kiloqramı ram edərək qitənin ən güclüsü adını qazanıb. O, eyni zamanda, birdənqaldırma üzrə kiçik qızıl, təkanla qaldırmada kiçik bürünc medal əldə edib.
Təltifetmə mərasimindən sonra Nuray Güngör Azərbaycan bayrağına qarşı təxribata görə İrəvanda yarışmaqdan imtina etmiş Azərbaycan idmançılarını unutmadığını bildirib:
“Azərbaycanlı qardaşlarımız üzülməsinlər. Onlar yoxdursa, biz varıq. İstiqlal Marşımızı Ermənistanda səsləndirdiyimiz üçün çox xoşbəxtik”.
Qeyd edək ki, daha əvvəl 45 kiloqram çəki dərəcəsində çempion olmuş Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qəmzə Altun da qələbələrini Azərbaycana həsr etdiklərini bildiriblər.
Xatırladaq ki, 24 aprel 2014-cü ildə Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammit zamanı Türkiyə nümayəndə heyətinin olmamasından istifadə edən Ermənistanın o vaxtkı prezidenti Serj Sərkisyan Ankaranın ünvanına ittihamlarla çıxış etmişdi. Buna cavab olaraq, “türkiyə burda yoxdursa, mən varam” deyən Prezident İlham Əliyev Sərkisyanın cavabını vermiş və onun susdurmuşdu.
Prezident İlham Əliyevin bu çıxışı Türkiyə-Azərbaycan qardaşlığının simvollarından biri kimi yaddaşlara yazılıb.