İrəvana verilən “Bastion”lar nəyə qadirdir?

İrəvana verilən “Bastion”lar nəyə qadirdir?

Xəbər verdiyimiz kimi, Fransa “Bastion” çoxhədəfli zirehli texnikasını Ermənistana göndərib.

AzerTimes xəbər verir ki, zirehli transpartyor sinfinə aid olan bu hərbi maşın əsasən Fransa ordusunun Afrikadakı xüsusi təyinatlı dəstələrinə dəstək məqsədi ilə yaradılıb.

“Bastion” “Acmat” şirkətinin istehsalı olan VLRA zirehli avtomobilinin şassisi üzərində yığılıb və ilk dəfə 2010-cu ildə Britaniyada keçirilən sərgidə nümayiş etdirilib. Bu hərbi maşın həm də 5 nəfərlik xüsusi təyinatlı qrupu daşımaq üçün nəzərdə tutulub. Onun qülləsində 12,7 millimetrlik pulemyot yerləşdirmək mümkündür. Zirehli maşına həmçinin ikisi arxadan, biri öndən üç ədəd 40 mm-lik qumbaraatan tipli NK GMG, həm də üç ədəd 7,62 tipli MG3 pulemyotu quraşdırmaq olur. Zirehli maşın aşağı hissədən mina əleyhinə müdafiə sisteminə malikdir.

“Bastion”nun daha bir özəlliyi isə Afrikanın, Yaxın Şərqin iqliminə uyğunlaşdırılması və qaranlıqda sərbəst hərəkət etmək bacarığıdır. Modifikasiyalarından asılı olaraq, “Bastion”ların çəkisi 10-12 ton arasında dəyişir.

Hazırda Ermənistanla yanaşı, “Bastion”lar Ukrayna, İsveç, Niger, Mali, Keniya, Toqo, Uqanda, Çad kimi ölkələrin arsenalında mövcuddur. 2015-ci ildə Pentqon Afrikada müxtəlif əməliyyatlarda istifadə etmək üçün “Mack Trucks” şirkətinin vasitəsi ilə 62 ədəd “Bastion” alıb.

Hərbi ekspert Ədalət Verdiyev saytımıza açıqlamasında deyib ki, “Bastion” zirehli personal daşıyıcılarının Ermənistan şəraitində, xüsusilə də yüksək dağlıq və sərt iqlim şəraitində istifadəsi kifayət qədər problemlərlə müşahidə olunacaq. O, fikrini bununla əsaslandırıb ki, Afrika ölkələrində istifadə olunan bu vasitələrin Qafqaz iqlim şəraitində tətbiqi çətindir:

“Bu texnikanın Ermənistanda istifadəsi üçün zirehli maşınlarda müəyyən modernləşmə və konfiqurasiyada dəyişiliklər edilməlidir. Bundan başqa, “Bastion” qorunma səviyyəsinə görə də zəif hesab olunur. “Bastion” zirehli personal daşıyıcıları qorunma səviyyəsinə görə STANAG 4569 standartlarında ikinci pillədən yuxarı qalxa bilmir. Bu maşınlar yalnız 7.62 mm-lik mərmilərdən qorunmanı təmin edə bilir. Yəni 12.7 iriçaplı pulemyot və ya əl qumbaraatanları, tank əleyhinə idarə olunan komplekslərin sursatları effektiv atəş məsafəsində bu texnikaları rahatlıqla sıradan çıxara bilir.

Bu maşınların yükgötürmə qabiliyyəti də zəifdir. Maşın asfalt yollarda 2 tona, yolsuzluq şəraitində isə cəmi 1 tona qədər yük daşıya bilir. Bu maşınların döyüşlərdə tətbiqinə dair kifayət qədər mənfi rəylər də mövcuddur. Burkina-Fasoda “Ənsar əl-İslam” qruplaşması “Bastion” maşınlarını kifayət qədər sıradan çıxara bilməsi ilə yadda qalmışdı”.

Teqlər: