İrəvana sülhün “Vaşinqton variantı” lazımdır? – Putin

İrəvana sülhün “Vaşinqton variantı” lazımdır? – Putin

Nizamlanma ilə bağlı bizim mövqeyimizə gəlincə: əlbəttə, hesab edirik ki, sülh sazişi lazımdır. Biz sülh nizamlanmasını kimi, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllini də dəstəkləyirik.

AzerTimes xəbər verir ki, bu sözləri “Valday” diskussiya klubunda çıxışı zamanı Rusiya lideri Vladimir Putin erməni politoloq Aleksandr İsgəndəryanın sualına cavab olaraq deyib.

“O ki qaldı hansı variantı seçməyə (sülhün “Vaşinqton”, yoxsa “Moskva variantı” – red.) – bu, erməni xalqının və Ermənistan hakimiyyətinin rəyidir. İstənilən halda hansı variant seçilirsə, sülhə gətirib çıxarırsa, hamımız bunun tərəfdarıyıq.

Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diktə edə bilmərik və niyyətimiz də yoxdur.

Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, bu sülh sazişinin hansısa konkret variantını seçmək lazımdır… Necə deyirsiniz, “Vaşinqton variantı”, başa düşdüyüm qədərincə, bu, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Əgər Ermənistan belə hesab edirsə, buyurun, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik.

Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür.

Ancaq əlbəttə ki, Azərbaycanla razılaşmaq lazımdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu ağır, çətin məsələdir.

Ermənistan bizim strateji partnyorumuz, müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın təklif edəcəyini böyük ölçüdə rəhbər tutacağıq”, – Putin deyib.

Qeyd edək ki, Ermənistanda bəzi siyasi dairələr və politoloqlar sülhün “Vaşinqton” və “Moskva” variantları olduğunu, guya Ermənistan rəhbərinin “Vaşinqton variantı”nı imzalamağa razılaşdığını, “Moskva variantı”nın ermənilərin maraqlarına qəti uyğun olmadığını iddia edirlər.

Erməni politoloqun Vladimir Putinə sualının qoyuluşu da bu variantlarla bağlı və istiqamətləndiricidir.

Teqlər: