İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!

İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!

Ermənistan müxalifəti Azərbaycanın işğal altında saxlanılan kəndlərinin geri qaytarılmasına qarşı təbliğatını davam etdirir.

AzerTimes xəbər verir ki, müxtəlif təhrikedici açıqlamalarla erməni müxalifəti kəndləri işğalda saxlamaqla, gərginliyi körükləməyə cəhd edir.

Növbəti belə bir açıqlamanı Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan paylaşıb.

O, iki “xəritə” təqdim etməklə, kəndlərin qaytarılacağı halda Ermənistanın yol infrastrukturunda yaşanacaq çətinlikləri gündəmə gətirib:

“Azərbaycanla sərhəddə yerləşən 4 kəndin ilk mərhələdə, 4 anklavın isə növbəti mərhələdə verilməsindən sonra Tavuş rayonunun yaşayış məskənləri və infrastrukturunu nələrin gözlədiyini göstərən iki xəritə yerləşdirirəm.

Birinci xəritədə bizim icmalarımıza daxil olan və İcevandan Azatamut-Kayan-Vazaşen-Berd yolu ilə kəsişən Sofulu və Barxudarlı yaşayış məntəqələri göstərilib.

Alternativ hesab edilən Çəmbərək-Berd yolu təmir olunsa da, relyef və iqlim şəraitinə görə problemlidir. Onun bəzi hissələri cəbhə xəttinə çox yaxın yerləşib və müxtəlif vaxtlarda Azərbaycan bu yolun bəzi hissələrini atəş altına yerləşdirib.

Yeri gəlmişkən, Sofulu və Barxudarlı İcevandan Açacur, Sevkar və oradan da Əskipara (Voskepar), Bağanis və Noyemberyana gedən yola çox yaxındır.

İkinci xəritədə açıq yaşıl rəngdə 8 kəndin köçürülməsi nəticəsində formalaşacaq “gender zonaları” göstərməyə çalışdım.

Xəritədən göründüyü kimi, bu kəndlərin verilməsinin birbaşa və dolayısı ilə ciddi nəticələri var ki, bu zaman çoxlu sayda kəndlər təcrid, yarımtəcrid vəziyyətində qalır. Ən təhlükəlisi isə onların təhlükəsizlik baxımından çox həssas olmalarıdır.

Belə vəziyyət 2020-ci ilin dekabrında hökumətin Gorus-Qafan yolunun müxtəlif hissələrinin mülkiyyət hüququnu verdikdən sonra Urud (Vorota) və Şırnıx (Şurnux) kəndlərinin bitişik yardımçı tikililərində, o cümlədən bu ərazilərdəki yaşayış məntəqələrinin həyatında dönüş yarandıqdan sonra da yaranmışdı”.

Qeyd edək ki, Abramyan ənənəvi olaraq təmsil etdiyi düşərgənin işğal siyasətini davam etdirməklə bərabər, saxtakarlığa da əl atır. Ona görə ki, Qazaxın 8 deyil, 7 kəndi işğaldadır və onlardan 4-ü anklav deyil, 3-ü anklavdır. Digər işğalda olan kənd isə Kərkidir ki, bu da Tavuş istiqamətində deyil, Naxçıvandadır.

Digər tərəfdən, Ermənistanın hansı yoluna maneə yaradılıb-yaradılmamasından asılı olmayaraq, bu kəndlər beynəlxalq səviyyədə tanınan Azərbaycan əraziləridir və onların geri qaytarılması mütləqdir. Əgər hansısa dövlət “beynəlxalq yollarının rahatlığı” məntiqi ilə davranarsa, onda dünyada bir çox ölkə qonşu ölkənin ərazisini işğal etməlidir. Ermənilər tarixən “rahatlıq üçün” Azərbaycan kəndlərini işğal edib, Qarabağın işğalda saxlanıldığı müddətdə isə dövlət sərhədini qabağa çəkib, ordan yol salıb, yerli erməni sakinlər örüş yeri kimi Azərbaycan ərazisinə girib, Azərbaycan torpaqlarında yaşayış binaları tikiblər və indi həmin əraziləri Azərbaycan tələb etdikcə, buna qarşı etiraz edir, səs-küy salır və bunu “torpaqların verilməsi” kimi qələmə verməyə çalışırlar. Halbuki indiyə qədər Azərbaycan Ermənistanın bir metr ərazisini də işğal etməyib, əksinə, Ermənistan 30 illik işğalı hələ də davam etdirir, hələ də kəndlərimiz və bəzi ərazilərimiz Ermənistanın işğalı altındadır.

Urud və Şırnıx istiqamətində də Azərbaycan torpaqları zəbt edilmişdi və onların geri qaytarılmasını faciə kimi indi də hallandırırlar. Ermənistan eyni münasibəti Qazaxın kəndlərinə qarşı davam etdirməyə, kəndlərin qaytarılıb-qaytarılmaması ilə bağlı yerli sakinlərin “münasibətini öyrənməyə” çalışır. Bu, guya demokratiyadır, xalqı düşünməkdir.

Başqa ölkənin ərazisini işğalda saxlayıb, beynəlxalq səviyyədə tanınmış torpaqlarını geri qaytarıb-qaytarmamaq üçün “yerli əhali ilə müzakirə aparmaq” sadəcə prosesi əngəlləmək üçün bəhanə, vaxt uzatmaq, işğalı davam etdirməkdir. Hansı yerli əhalidən nə münasibət öyrənilə bilər? Bura Ermənistanın da tanıdığı Azərbaycan kəndləridir və geri verilməlidir, bunun xalqla hansı müzakirəsi aparılmalıdır?

Onda Azərbaycan da adekvat qərar qəbul edə bilər. Naxçıvana yolu təmin etmək Azərbaycanın beynəlxalq magistralı və Naxçıvan əhalisini blokadadan çıxarmaq baxımından olduqca mühümdür və Zəngəzur dəhlizi Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. Ermənistan Qazaxın kəndlərinin yanından keçən yolun “təmir edilsə də, namünasib olduğunu” bildirirsə, Azərbaycan üçün də Naxçıvanla İran üzərindən birləşmək “namünasibdir”. Beləliklə, Azərbaycan Ordusu Naxçıvana yolu açır, sonra isə “xalq sorğusu” keçiririk ki, həmin əraziləri geri qaytaraq, yoxsa tarixi ədaləti bərpa etdiyimizə görə yolun təhlükəsizliyini təmin edək?

Cavabın necə olacağını təsəvvür etmək mümkündür.

Görünür, Ermənistana adekvat cavab verməyin vaxtıdır: Gürcüstana və İrana gedən yolunun “münasibliyinə” görə torpaqlarımızı işğalda saxlamağa davam edirlərsə, onda biz də Naxçıvana gedən yolu “münasib” edə bilərik!

Teqlər: