Gürcüstan və Ermənistan müdafiə nazirləri İrəvanda ikitərəfli əməkdaşlıq planı imzalayıb. Bu razılaşma Fransanın “Bastion” zirehli texnikasının Ermənistana Gürcüstan vasitəsilə aparılması faktı fonunda diqqət çəkir. Və mümkündür ki, Ermənistanın silahlandırılmasında Gürcüstan marşrutundan istifadə davam edəcək, hətta intensivləşəcək, İrəvan və Tiflis də bununla bağlı rəsmi razılaşma əldə edir.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.
O bildirib ki, Gürcüstanın “Bastion”lar üçün tranzit olmasının Bakıda anlayışla qarşılandığı müşahidə edildi:
“Çünki Gürcüstanın Avropa Birliyinə üzvlüklə bağlı namizəd statusunun təsdiqlənməsi gündəmdədir və Tiflis bunu riskə atmaq istəməyib. Hərçənd, proses təhlükəli miqyas alacağı təqdirdə Bakı anlayışla qarşılamaya da bilər, xüsusilə hərbi texnikanın daşınmasının intensivləşməsi və hücum silahlarının ötürülməsi fonunda. Müdafiə nazirlərinin imzaladığı ikitərəfli əməkdaşlıq planı bunun baş verəcəyi gözləntisini ön plana çıxarır”.