Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Birliyi rəsmiləri Rusiya əleyhinə birgə oyun qurub. Belə ki, Avropa Birliyi Ermənistanda müşahidəçi missiyasının sayının artırılmasını guya Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etmək təhlükəsi ilə bağlayır. Lakin Azərbaycan Ermənistana müdaxiləyə başlayarsa, bölgəni birinci tərk edən məhz həmin avropalı müşahidəçilər olacaq. Onların Azərbaycan hərbçilərini dayandıracaq imkanları yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Şahinoğlu bildirib ki, müşahidəçi missiyasının sayını artırmaq planının Azərbaycan təhlükəsilə zərrə qədər əlaqəsi yoxdur:
“Əlbəttə, torpaqlarını azad edən Azərbaycanın hərbi imkanları xeyli artıb. Bununla yanaşı, qonşunun ərazisi tarixi torpaqlarımız olsa belə, Azərbaycan Ordusunun Ermənistan ərazisinə irəliləmək kimi planı yoxdur. Azərbaycan beynəlxalq hüquq və mövcud reallıqlarla hesablaşan dövlətdir. Belə olmasaydı, anti-terror əməliyyatının başladığı 19 sentyabrdan bu yana iki ölkə arasında gərginlik davam etməli idi. İki aydır sərhəddə sakitlikdir. İtkilər yoxdur. Bunun sadə səbəbi var: Azərbaycan əsas problemini həll edib və Qarabağdakı suverenliyini bərpa edib. Bu bizə yetərlidir”.
Politoloqun sözlərinə görə, Avropa Birliyi missiyasının Ermənistanda sayının artırılması sırf Rusiya ilə bağlıdır:
“İrəvan və Brüssel “Azərbaycan təhlükəsi” bəhanəsilə Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmağa çalışır. Bu, Ermənistanla Rusiya arasındakı problemdir. Ancaq belə bir nüans var ki, Rusiyanın Cənubi Qafqaza təsir imkanları azalarsa, bu, Azərbaycan üçün də faydalı olar”.