İrəvan rüsvay oldu: sərhədimizə gətirdiyi “səfirlər”… – Video

İrəvan rüsvay oldu: sərhədimizə gətirdiyi “səfirlər”… – Video

Ermənistan ötən gün elan etmişdi ki, Azərbaycanın Qarabağda yaşayan ermənilər üçün göndərdiyi “humanitar yük”ün sərhəddə dayandığını müşahidə etmək üçün xarici səfirlərin nümayəndələrini Kornidzor kəndinə (“Laçın” sərhəd postunun yaxınlığı) dəvət edib.

AzerTimes xəbər verir ki, rəsmi açıqlamada “Ermənistanda akkreditə olunmuş diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinin” hamısına dəvət göndərildiyi də xüsusi vurğulanmışdı.

Bu gün “humanitar yük” adlı şou haqda heç bir informasiya verməyən erməni mediası, nəhayət, 14:00 radələrində “əcnəbi diplomatların” Kornidzor kəndinə gəlişini əks etdirən görüntü paylaşıb.

Görüntülərdən məlum olur ki, bu təbliğat-şou səfərinə olduqca az sayda səfirlik nümayəndəsi qatılıb. Çıxış edənlər Ermənistan XİN başçısının müavini Vahan Kostanyan və Qərbi Zəngəzurun (Sünik) qubernatoru Robert Qukasyandır. Digərlərinin böyük əksərinin media təmsilçisi, tərcüməçi və mühafizəçi olduğunu nəzərə aldıqda, səfərə razılaşan “diplomatik korpus əməkdaşlarının” sayı və tərkibi çılpaqlığı ilə üzə çıxır. Azsaylı xarici diplomatik korpus nümayəndəsi arasında bircə nəfər də olsun, səfir yoxdur.

Belə məlum olur ki, Ermənistandakı səfirliklər də İrəvanın şou göstərdiyini bilir və bunda iştirakçı olmağa maraqlı deyillər. Səfərin gecikməsi, “diplomatların” yalnız 14:00-a yaxın Kornidzora gəlib çıxması da təsdiqləyir ki, Ermənistan “daha izdihamlı” səfər üçün prosesi ləngidib, buna baxmayaraq, təşəbbüs alınmayıb.

Erməni mediası isə qısa – 5 dəqiqəlik video ilə reportajı yekunlaşdırıb, hətta səfər edən səfirliklərin və əməkdaşların adını da qeyd etməyib. Videoda sayın az olması, səfərin iflasını pərdələmək üçün yaxın çəkiliş cəhdləri, ümumi plandan qaçma cəhdləri isə daha gülünc təsir bağışlayır.

Səfərə razılaşan səfirlik əməkdaşlarının heç birinin heç bir açıqlama verməməsi də diqqətçəkicidir.

Görünür, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözləri ilə desək, OYUNUN BİTDİYİNİN fərqindədirlər.

Teqlər: