Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının Rusiya ilə bağlı proseslərlə heç bir əlaqəsi yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan ölkənin Roma Statutuna qoşulacağı təqdirdə İrəvan-Moskva münasibətləri üçün risklər barədə sualları cavablandırarkən deyib.
O bildirib ki, Ermənistan Rusiya rəhbərinə qarşı qəbul edilən qərarlardan bir neçə ay əvvəl prosesə başlayıb (Putinə qarşı cinayət təqibi haqqında BCM qərarı 2023-cü ilin martında qəbul edilib, Ermənistan prosesə 2022-ci ilin dekabrında başlayıb – red.).
“İrəvan sözügedən nizamnaməyə qoşulmaqla məhkəmənin Putinin həbs edilməsi ilə bağlı verdiyi orderi yerinə yetirəcəkmi” sualını isə Minasyan belə cavablandırıb:
“Bu artıq siyasi sualdır. Hüquqi bazaya gəlincə, bu statut bizə qarşı hərbi cinayətlərə baxəlması üçün beynəlxalq mexanizm yaradır”.