Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiyaya silah sifariş etdikləri, hətta pulunu ödədikləri, ancaq silahların tədarük edilmədiyini deməsi erməni mediasına gündəmə çevrilib.
AzerTimes xəbər verir ki, mövzu ilə bağlı Ermənistanın XİN rəhbərinin müavini Mnatsakan Səfəryan danışıb.
O bildirib ki, həqiqətən də Rusiyadan sifariş edilən silahlar tədarük edilməyib:
“İşlər gedir, biz danışıqları davam etdirməyə çalışırıq. Bu açıqlamaya əlavə edəcəyim heç nə yoxdur”.
Səfəryan iddia edib ki, alınacaq silahların pulu ödənilib.
“Rusiyada silah probleminə görə Ermənistana sursat tədarük edilmir, yoxsa Rusiya hakimiyyətinin siyasi qərarı var” sualına Səfəryan “Deyə bilmərəm” cavabını verib.