Azərbaycanın ərazilərinin işğalı nəticəsində qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarını 30 ilə yaxın bir dövrdə heçə sayan və 44 günlük müharibədən sonra beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqda davam edən Ermənistan tərəfi son zamanlar yalnız Təhlükəsizlik Şurası ilə məhdudlaşmayan çoxsaylı manipulyasiyalarla əsassız addımlar atmaqdadır.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
A.Hacızadə deyib ki, məntiqsiz addımları uğursuzluğa düçar olduqdan və heç bir nəticə əldə edə bilmədikdən sonra isə, Ermənistan tərəfi müxtəlif bəhanələrlə və uzun-uzadı əsassız açıqlamalarla bu uğursuzluqları müxtəlif yalanlarla əsaslandırmağa, öz destruktiv fəaliyyətinə bəraət qazandırmağa çalışır.
“Ermənistan Xarici İşlər Nazirliyi Ermənistan cəmiyyətində həqiqətə uyğun olmayan gözləntilər formalaşdırmaq və yalan dolu izahatlar vermək əvəzinə, beynəlxalq hüquqa əsaslanmaqla qonşu ölkələrlə münasibətləri normallaşdırmalı və bölgədə sülhə mane olan pozucu fəaliyyətdən çəkinməlidir”, – XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, bu gün Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan suallara cavabı zamanı BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli iclası və ümumilikdə müzakirələrin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirib.