Ermənistan həm sözdə, həm də əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Ermənistan XİN-in bəyanatına dair şərhində deyilir.
Şərhdə bildirilir ki, Ermənistan xarici işlər nazirinin bu ilin iyulunda etdiyi son çıxışından sonra rəsmi İrəvandan konstruktiv yanaşma gözlənilirdi:
“Təəssüf ki, Ermənistan Azərbaycanla əldə olunmuş razılaşmaların həllindənsə, öz köhnəlmiş münaqişə hekayələrini təbliğ etmək üçün müxtəlif platformalardan istifadə edir. Və Azərbaycana qarşı dezinformasiya və böhtan kampaniyası aparır. 2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyannaməyə əməl etməkdən boyun qaçırır”.
“Azərbaycan sülh gündəmini irəli aparmaq üçün güclü siyasi iradə nümayiş etdirir. Ermənistan isə Azərbaycanla münasibətlərin normallaşması prosesində ciddi problemlər yaradır. 30 ildir bu ölkəni xarakterizə edən model – danışıqların imitasiyası, geriyə addım vasitəsilə əvvəlki müqavilələrdən və götürülmüş öhdəliklərin icrasından yayınma, eləcə də müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqdır. Ermənistan bir məqsəd güdür: Azərbaycan ərazisində separatizmi bütün mümkün vasitələrlə dəstəkləmək. Ermənistan vaxt itirir və bütün istiqamətlərdə danışıqlarda irəliləyişə nail olmağa yönəlmiş real addımlardan qaçır. Bu ölkə iki il yarımdır ki, Laçın yolundan qeyri-qanuni daşınmalar üçün sui-istifadə edir. Hətta buraya humanitar məqsədlərlə göndərilmiş yüklərin qarşısını almağa çalışır. Bu azmış kimi, Beynəlxalq Ədalət Məhkəməsindən və digər qurumlardan öz məqsədləri üçün istifadə etməyə çalışır”, – Daimi Nümayəndəlik qeyd edib.
Bəyanatda vurğulanır ki, bütün hallarda, istisnasız olaraq, Ermənistan tərəfi əvvəllər əldə edilmiş razılaşmaları müxətlif bəhanələrlə pozub:
“Vəziyyəti süni şəkildə uzatmaq, gərginliyi artırmaq və nəticədə normallaşma prosesini pozmaqla Ermənistan həyasız siyasi kampaniya aparır. Demək olar ki, 10 minlik erməni ordusu qeyri-qanuni olaraq Azərbaycan ərazisində qalmağa davam edir. Onlarda tank və digər zirehli texnika avadanlıq, iki yüzdən çox ağır artilleriya qurğusu, o cümlədən çoxsaylı raket sistemləri, onlarla müxtəlif növ elektron döyüş sistemləri, hazırda xidmətdə olan təxminən iki yüz minaatan var. Ermənistan beynəlxalq öhdəliklərini pozaraq bu dəstələrə texniki, hərbi, maddi-texniki və maliyyə dəstəyi göstərir. Azərbaycan ərazisindəki birləşmələr birbaşa Ermənistanın dövlət büdcəsindən maliyyələşdirilir. Son günlər biz hərbi təxribatların daha da intensivləşdiyinin şahidi oluruq. Ermənistan yeni səngərlər qazır, istehkamlar tikir”.
Daimi Nüməyəndəlik beynəlxalq ictimaiyyəti və ATƏT-in iştirakçısı olan dövlətlər Ermənistanı sülh danışıqlarına təşviq etmək üçün zəruri təcili tədbirlər görməyə çağırıb:
“Ermənistanın sülh prosesinə xələl gətirən hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir. Onu sülhə məcbur etmək üçün əlavə səylər göstərilməlidir. Regionda sülh və sabitliyə nail olmağın yeganə yolu budur. Ermənistan silahlı qüvvələri Qarabağ bölgəsindən qeyd-şərtsiz və tam çıxarılmalıdır”.