Ermənistan hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu tezliklə ratifikasiya üçün parlamentə təqdim etməsi İrəvanın Moskvaya qarşı açıq-aşkar qeyri-dost siyasi qərarıdır.
AzerTimes xəbər verir ki, bunu “Qafqaz Bürosun”a rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Rusiya rəhbərliyi İrəvanın bu addımını nəzərə alacaq və Ermənistanla praktiki siyasətində bunu xatırlayacaq. Biz görürük ki, Ermənistan Rusiyadan əks istiqamətə, Qərbə sürüklənən ölkəyə çevrilir. Yeri gəlmişkən, İrəvan bunu kifayət qədər uğurla həyata keçirir. Burada sual başqadır, belə bir Ermənistana münasibətdə Kremlin alətləri, təsir rıçaqları varmı? Axı biz bu gün Ermənistanın simasında yeni Ukrayna görürük! Ermənistanın Rusiyaya düşmən münasibəti baxımından bu, artıq faktiki baş verir. Paşinyan Qərb layihəsidir! Yəni onun Qərbin təhlükəsizlik strukturlarına inteqrasiyası zaman məsələsidir”, – o bildirib.
Korotçenko qeyd edib ki, Rusiya Ermənistanla bağlı bir sıra səhvlərə yol verib:
“Moskva illərdir lazımsız, prinsipsiz erməni politoloqlarını yedizdirib. Əslində, onlar tamamilə təsirsiz oldular və biz onları qidalandırmaqda davam edirik. Sual budur ki, niyə? Bu gün İrəvan o qədər qudurub ki, Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırır və Azərbaycan hərbçilərinin öz suveren ərazilərində öz ölkələrinin bayrağını qaldırmasına bir növ etirazlarını bildirir. Biz İrəvanın istəklərini yerinə yetirməyə borclu deyilik”.