Ötən günlərdə Ermənistanda “Milli Demokratik Qütb” (MDQ) millətçi birliyinin növbəti antirusiya aksiyası keçirilib. Aksiyaçılar bu dəfə təhqiramiz şüarlarla İrəvan ətrafında gəzməklə kifayətlənməyib, Gümrüyə gəlib və orada 102-ci Rusiya hərbi bazasının ərazisinin girişinə insanları toplayıblar. Millətçilər bu dəfə 102-ci bazanın bağlanması, Rusiya hərbçilərinin Ermənistandan və respublikanın KTMT-dən çıxarılması tələblərini bildirib, Moskvanı Ankara ilə müttəfiqliyinə görə qınayıblar (buna baxmayaraq rəsmi İrəvan Ermənistan-Türkiyə sərhədinin açılması perspektivini müsbət qiymətləndirir – red). Aksiyanın məqsədinin “Rusiya ordusunun Ermənistanı işğal etdiyini nümayiş etdirmək” olduğu bildirilib və onun mənası ən yaxşı şəkildə “Yeni müttəfiqlərimiz real olacaq” şüarı ilə ifadə edilib. MDQ Qərbin himayə etdiyi struktur olaraq çalışır. Ermənistanın Rusiya ilə əlaqələrini kəsib Avropa və ya Amerikanın protektoratı altına keçməsini təmin etmək istəyir.
AzerTimes xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” yayılan məqalədə bildirilib.
Qeyd edilib ki, millətçilərin bütün qalmaqallı hərəkətləri Paşinyanın gizli razılığı ilə baş verib və onun Rusiya siyasətindən narazılığını bildirmək üçün qeyri-rəsmi kanal rolunu oynayıb:
“Bu dəfə rəsmi İrəvan özünü elə göstərdi ki, guya o, aksiya ilə tam razılaşmır. Mitinqin keçirildiyi yerdə aksiyaçılar saxlanılıb, mitinq dağıdılıb, amma bu, sadəcə bir görüntü idi. Çünki birliyin rəhbərləri saxlanılmayıblar. Beləliklə, erməni elitasının münaqişəyə meyilli hissəsi özünün və ya xarici sponsorların xahişi ilə düşündüklərini yenə də Kremlə bildirdi”.
“Milli müdafiə” jurnalının baş redaktoru, siyasi analitik İqor Korotçenko sayta bildirib ki, İrəvanın növbəti qeyri-dost hərəkəti Moskva üçün yenilik deyil:
“Burada onlar Ermənistanda bu cür antirusiya əhval-ruhiyyəsinin necə formalaşdığını yaxşı bilirlər. Bu işi həm Qərb qeyri-hökumət təşkilatları, həm də Qərb dövlətlərinin səfirlikləri, ilk növbədə ABŞ səfirliyi həyata keçirir. Ermənistan cəmiyyətinin bir hissəsinin Qərb ölkələrindən kiminsə onların xarici hərbi təhlükəsizliyini təmin edəcəyinə dair ümidləri və hesablamaları xülyadır. İstənilən halda Ermənistan Amerika və Avropa siyasətçiləri üçün sərf oluna bilən material olacaq. Rusiya ordusunun ölkədən çıxarılması isə Ermənistan üçün geosiyasi fəlakətə çevriləcək, çünki respublika Rusiyaya arxalanmadan öz təhlükəsizliyini təmin edə bilməz.
Göründüyü kimi, erməni radikallarının bu təxribatçı hərəkətləri rəsmi İrəvanın mövqeyinə əsaslanır. Bu da son bir neçə həftə ərzində açıq-aşkar antirusiya bəyanatları ilə yadda qalıb. Biz başa düşürük ki, Ermənistanda həm polis, həm də milli təhlükəsizlik xidməti var. Əgər belə tədbirlər keçirilirsə, deməli, ən azından onların təşkilatlanmasından hakimiyyət xəbərdardır. Ola bilsin ki, onları üstüörtülü şəkildə təşviq edirlər. Bütün bunlar Paşinyanın “çoxvektorlu” siyasətinin və onun Moskva ilə məsafəli münasibətlər qurmaq istəyinin təzahürüdür.
102-ci bazanın bağlanmasını gözləmək lazım deyil, amma Rusiya-Ermənistan münasibətlərində mənfi tendensiyalar var. Ümumiyyətlə, söhbət ondan gedir ki, Ermənistan cəmiyyətində antirusiya əhval-ruhiyyəsi, rusofobiya güclənir. Bu, Qarabağda revanş almaqla bağlı yarımçıq ümidlərə arxalanan Ermənistan vətəndaşları ilə sistemli işin nəticəsidir. Təəssüf ki, erməni isteblişmentinin əhəmiyyətli bir hissəsi və cəmiyyəti hələ də bu ümidlə yaşayır”.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında Rusiya ordusunun Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu bildirib.