İrəvan-Moskva statistikasına baxın: “sirr” burdadır

İrəvan-Moskva statistikasına baxın: “sirr” burdadır

Ölkələrarası münasibətlərdə, dövlətlərin davranışında iqtisadiyyat, rəqəmlər, maddi maraqlar, ticarət həmişə siyasəti müəyyənləşdirən amil olub.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O, 2023-cü ilin yanvar-avqust aylarının rəqəmlərinə diqqət çəkib:

“Ermənistan-Rusiya ticarət dövriyyəsi 4,2 mlrd. dollar olub və keçən ilin eyni dövrü ilə müqaisədə 56,3% artıb. Ermənistanın Rusiyaya ixracı 2,3 mlrd. dollar olub (illik müqaisədə 2,1 (!!!) dəfə artıb), Rusiyanın Ermənistana ixracı isə 1,9 mlrd. dollar olub (artım 16,1%-dir). Ermənistanın ixracında Rusiyanın payı 52%-ə yaxındır, idxalda isə Rusiyanın payı 25,9%-dir. Rusiya Ermənistanın 1 nömrəli ticarət tərəfdaşıdır, iqtisadi oyunçuların (dövlət-özəl) 72%-i ya tam, ya da qismən Rusiyaya məxsusdur, enerji infrastukturu və dəmir yollarının tamamı Rusiya şirkətlərinə aiddir.

Yəni, Ermənistan Rusiyadan inciyib, bu aydındır, 150-200 illik Rusiya himayəsi, çətiri Azərbaycan-Türkiyə iş birliyi ilə dəlmədeşik oldu, bitdi. Ermənistanın yeni təhlükəsizlik çətiri axtarışı da təbiidir, amma “Ermənistan Rusiyanı qovacaq, Qərbə inteqrasiya edəcək” tezisi çiydir, indiki şəraitdə mümkünsüzdür. Ermənistanın yeni təhlükəsizlik zəmanəti verə, Qərbə inteqrasiyanın yoluna aça biləcək (coğrafi-logistik-iqtisadi) bir ölkə var – NATO üzvü olan Türkiyə, başqa hər şey nağıl və illyuziyadır.

Cənubu Qafqazın Rusiyadan ən az (iqtisadi-siyasi-hərbi) asılı ölkəsi də məhz Azərbaycandır, Bakının atdığı addımlar Cənubi Qafqazda Rusiyanı ciddi zəiflətdi, buna görə Kreml daxilən qəzəbli olsa da, yaranmış şəraitə, Azərbaycanın qurduğu de-yure və de-fakto ittifaqlara görə geri çəkilməyə məcbur qaldı, daxili auditoriya və erməni əhalisi qarşısında gücsüzlüyünü ört-basdır eləmək üçün isə “günah keçisi” kimi Paşinyanı elan etdi. Paşinyan da bundan məmnundur – qərbyönümlü siyasətə əsas formalaşdı, oradan maddi-siyasi dəstəyin artmasına zəmin yarandı, amma Rusiyaya sanksiyalardan yan keçmək üçün kömək edib pul da qazanır və qərbyönümlü ritorikasına görə Qərbin dolayı sanksiyalarından yan keçməyə nail olur ki, bu da elə Rusiyanın işinə yarayır – Ermənistan vasitəsi ilə yarımkeçiricilər, mikrosxemlər alıb raket, dron, təyyarə, tank istehsal edir.

Böyük mənzərəni həmişə rəqəmlər və iqtisadi maraqlar göstərə bilir”.

Teqlər: