Başda Baş nazir Nikol Paşinyan olmaqla, Ermənistan rəsmiləri Rusiyanın xarici işlər naziri Sergey Lavrova cavab verməyə tələsmirlər. Halbuki Lavrov bir neçə gün əvvəl Moskvada keçirdiyi geniş mətbuat konfransında Ermənistan hakimiyyətini yıxıb sürümüşdü.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ermənistanın hakimiyyət təmsilçiləri Kremlin üzərinə çox getməyin təhlükələrini anlamağa başlayıblar, üstəgəl İrəvanın “bəyənmədiyi” Rusiya bugünlərdə Ermənistana İran üzərindən özündə hücum xarakterli silahları da ehtiva edən hərbi texnika göndərib:
“Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda itirdiyi hərbi texnikanın yerini doldurmağa ehtiyacı olduğu halda müttəfiqi Ermənistanı unutmayıb. Buna baxmayaraq, Qərbdəki dairələr Ermənistanı Rusiyadan uzaqlaşdırmağın yollarını aramaqdan imtina etməyiblər. Qərb Ermənistanı NATO üzvü edə bilməsə də, Şimali Atlantika Blokunun müxtəlif proqramlarına daxil etməyə çalışır. Ermənistan 1994-cü ildən Azərbaycan kimi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının üzvüdür. Əməkdaşlığın inkişafı bu proqram çərçivəsində də mümkündür. Bu arada, Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Kvin çalışdığı ölkənin müdafiə naziri Suren Papikyanı iqamətgahına şam yeməyinə dəvət edib. Aydındır ki, söhbətdə Ermənistanın ABŞ-la hərbi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Suren Papikyan hərbi əməkdaşlığın genişləndirilməsi mövzusunu İrəvanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolominlə də müzakirə edib. Görüşlər çoxdur, ancaq Qərb ölkələri və NATO Ermənistana təhlükəsizlik təminatı verməkdə acizdir, sadəcə rəsmi İrəvanın ünvanına “xoş sözlər”, “biz sizinləyik” kimi eptitetlər səsləndirməklə kifayətlənirlər”.