Ermənistan parlamenti dünən Roma Əsasnaməsini ratifikasiya edib. Bu, Rusiyaya qarşı son dərəcə qeyri-dost addımdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib.
“Bu, İrəvanın Moskvadan qisasıdır, meydan oxuyur: Ermənistan Rusiya liderinin həbsinə order verən təşkilata açıq şəkildə qoşulduğunu göstərir. Bundan qeyri-dost addımı təsəvvür etmək mümkün deyil. Belə çıxır ki, Putin Ermənistana gəlsə, ona qarşı təxribat törədilməyəcəyinə heç kim təminat verməyəcək. Bu da Ermənistanın Rusiyadan qisasıdır, deyirlər, sən bizi qondarma “artsax” uğrunda müharibədə müdafiə etmək istəmədin, indi sənə belə cavab veririk”, – o bildirib.
Fenenkonun sözlərinə görə, Roma Əsasnaməsinin ratifikasiyası həm də antiazərbaycan addımıdır:
“Ermənistan regionda öz düşmənlərini yaradır. Özünü məhv etməyə gedir. O, sülh istəmir. Qərb Ermənistanın inkişafına deyil, daha çox onun istifadəsinə yönəlib”.