İrəvan il sonu üçün sülhə, yoxsa savaşa hazırlaşır?

İrəvan il sonu üçün sülhə, yoxsa savaşa hazırlaşır?

Biz Ermənistanla nə sülh, nə də müharibə vəziyyətindəyik, hazırda atəşkəs rejimidir. Lakin Ermənistan tərəfindən təhriklər mövcuddur. Son bir həftə ərzində Naxçıvan istiqamətində atəşkəsi pozmaları buna sübutdur. Atəşkəs pozulursa, demək, əməliyyatların başlanması ehtimalı həmişə var.

Bu sözləri AzerTimes-a hərbi ekspert Elxan Şıxəliyev COP29-dan sonra Azərbaycan və Ermənistan arasında mümkün toqquşma ehtimalı ilə bağlı erməni ekspertlərin iddiaları haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistanın ikili oyunu yaxşı nəticələr vəd etmir və Azərbaycan onların müharibə ritorikasını açıq-aydın sezir:

“Ermənistan sülh prosesini uzadır, zaman lazım olduğunu bildirir, bu zamanı isə sürətli silahlanmaya sərf edirlər. Fransadan “Sezar” haubitsaları almaları açıq müharibə ritorikasıdır. Əgər sülh sazişi imzalanacaqsa, Ermənistanın təhlükəsizliyi sülh sazişi ilə təmin olunacaqsa, belə dəhşətli silahları niyə almalıdır? Deməli, ikili oynayırlar”.

Hərbi ekspert bildirib ki, İrəvan COP29-a kimi sülh sazişi imzalamaq əvəzinə silahlanmaya üstünlük verəcəksə, Azərbaycanın başqa yolu qalmayacaq:

“Bilirlər ki, noyabra qədər Bakının bütün diqqəti COP29-a yönələcək. İndiki mərhələdə Ermənistan nə qədər təhrik etsə də, Azərbaycan COP29-un hazırlığı ilə məşğuldur və qəti tədbir görməyəcək. Ancaq fərqindədilər ki, Azərbaycan Müdafiə Nazirliyinin, dövlət rəsmilərinin bəyanatı çox ciddi siqnallardır. Ehtiyatlanmalarında fayda var, bu səbəbdən də özləri bunun COP29-dan sonra mümkün ola biləcəyi ilə bağlı mesajlar verirlər. Hər şey Ermənistanın şərti sərhəddəki davranışından, silahlanma ilə bağlı qərarlılığından asılıdır. Yəni Ermənistan atdığı addımların nəticəsinə hazır olmalıdır”.

Teqlər: