İrəvan diversantlar göndərdi: böyük təxribat hazırlanır

İrəvan diversantlar göndərdi: böyük təxribat hazırlanır

Ermənistanın Kəlbəcər istiqamətində kəşfiyyat-diversiya qrupu göndərməsi qarşıdakı günlərdə daha böyük təxribat törətmək hazırlığı içərisində olduqlarını sübut edir.

Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, təxribatların heç bir nəticə verməyəcəyini vurğulayıb:

“BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı iddia qaldıran Ermənistanın belə bir addım atması sağlam məntiqə sığmır, dövlətimizi sözügedən istiqamətdə daha ciddi və sərt tədbirlər görməyə vadar edir. Böyük ehtimalla Ordumuzun mövqeləri, şəxsi heyətin və hərbi texnikaların sayı, digər məsələlər ilə bağlı məlumat toplamaq məqsədilə kəşfiyyat-diversiya qrupunu göndəriblər. Genişmiqyaslı təxribat planları var. Ancaq unutmamalıdırlar ki, Şanlı Ordumuz bu gün olduğu kimi bütün təxribatlara ən sərt şəkildə cavab vermək imkanı və gücünə sahibdir”.

Qeyd edək ki, bu gün saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib. Təxribatın qarşısı qətiyyətlə alınıb. Diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.

Teqlər: