İrəvan bütün alətlərdən istifadə edir – nəticə yoxdur

İrəvan bütün alətlərdən istifadə edir – nəticə yoxdur

Ermənistan hakimiyyəti, Qarabağ separatçıları və erməni lobbisi Laçın yolunda azərbaycanlıların etirazını dayandırmaq üçün bütün alətlərdən – Fransa, BMT Təhlükəsizlik Şurası, telefon zəngləri və sonda Xankəndidə mitinqdən istifadə ediblər. Nəticə yoxdur, etiraz davam edir.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya hərbi kontingentindən kimsə Qarabağ ermənilərinə 26 dekabrda “yol açılacağını” deyib:

“Niyə məhz 26 dekabrda? Görünür, Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin liderlərinin 26 dekabrda Sankt-Peterburqda qeyri-rəsmi toplantısında hansısa “razılaşmaya” ümid edirlər. Ancaq həmin toplantıda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü nəzərdə tutulmayıb. Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüş baş tutsa belə, bunun yoldakı etiraza təsir edəcəyini söyləmək çətindir. Çünki ermənilər etirazı dayandıracaq şərti – yataqlarda monitorinqə icazə vermək fikrində deyillər”.

Politoloqun fikrincə, beynəlxalq aləmə yolun bağlanmadığını, nəzarət altına alındığını təlqin etmək lazımdır:

“Ermənilər xəstələrini keçirirlər, humanitar yüklərə maneə yoxdur, üstəgəl erməni mənbələrinin məlumatına görə, Qırmızı Xaç Komitəsi 4 xarici ölkə vətəndaşının Ermənistana keçidini də təmin edib. Aydındır ki, həmin xarici vətəndaşlar Azərbaycan qanunlarını pozaraq ərazimizə keçiblər, kimlikləri və hansı ölkəyə məxsus olduqları barədə məlumat yoxdur. Belə halların qarşısını almaq üçün yol daima nəzarət altında olmalıdır”.

Teqlər: