İrəvan bu silahları Kiyevə verir, əvəzində… – Həsən Oqtay

İrəvan bu silahları Kiyevə verir, əvəzində… – Həsən Oqtay

Paşinyan Ermənistanda iqtidara gəldikdən sonra böyük dəyişikliklər və yeni müharibə çağırışları başladı. Müharibədən başqa bir yol qalmadığı üçün Azərbaycan güc yolu ilə torpaqlarını işğaldan azad etdi. Sonra Paşinyan özü Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirdi. Rusiya üçün çətin olsa da, öz yanaşmasında strateji dəyişiklik etdi.

Bu sözləri AzerTimes-a Ermənistanın Ukraynaya “Toçka-U” sistemlərini göndərməyə razılıq verməsi haqqında danışan Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.

Professor NATO ilə Ermənistan arasında razılığın əldə edilməsinin mümkünlüyündən də bəhs edib:

“Müharibə bitdikdən dərhal sonra Rusiya bir çox formada Ermənistanda hakimiyyət çevrilişinə cəhdlər etdi, ancaq nəticə alınmadı. Paşinyan isə Rusiyadan qopmaq siyasətini davam etdirdi. Son olaraq Ermənistanın KTMT-nin Minskdə keçiriləcək sammitdə iştirakdan və yardımlardan imtina etməsi, üstəlik “Toçka-U” sistemlərinin Ukraynaya verilməsi ilə bağlı razılıq haqqında xəbərlər yeni mərhələnin başladığını göstərir. Digər tərəfdən isə fikir verin, Fransanın “Bastion”ları Ermənistana göndərilir, arxasınca Gürcüstan müdafiə naziri də Tiflisə gedir. Baş verənlər bizə artıq Ermənistanla NATO arasında da hansısa razılığın əldə olunduğunu deməyə əsas verir. Ehtimal kimi NATO-nun üzərinə Ermənistana öz əlindəki rus istehsalı silah və hərbi texnikanı Ukraynaya verməsi müqabilində fərqli yollarla oraya müasir silah-sursat və s. göndərmək öhdəliyini götürdüyünü demək olar. Bu isə tamamilə Rusiyaya arxa çevirib Gürcüstan kimi Qərbə inteqrasiya yolunu tutmaq deməkdir. Lakin Rusiya eyni vaxtda Ukrayna, Gürcüstan və Ermənistanı itirməyi gözə ala bilməz, ona görə məsələyə daha ciddi yanaşacaq. Fikrimcə, qarşıdakı vaxtlarda rusmeyilli qüvvələr çevriliş edə, yaxud Paşinyan sui-qəsdə məruz qala bilər. Gümrüdəki hərbi bazanın hərəkət qabiliyyətinin məhdudlaşmasının da Rusiyanı bölgədə qalmaq üçün yeni vasitələrdən istifadəyə təhrik edəcəyi mümkündür”.

Teqlər: