Artıq bir neçə ildir ki, Ermənistan hakimiyyəti köhnə rus silahlarından imtina edərək, yeni, müasir hərbi texnikanı başqa ölkələrdən almaq üçün məxfi danışıqlar aparır.
AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan İctimai televiziyasında yayımlanan siyasi tok-şou zamanı hərbi analitik Mariam Petrosyan deyib.
“Hamımızın yadındadır ki, Ermənistan İordaniya ilə necə gizli razılığa gələ bildi. Razılaşma silah tədarükü ilə bağlı idi. O zaman (2020-ci ilin əvvəlində) Ermənistana İordaniyadan birinci partiya silah göndərilən kimi Bakı İordaniyanın Azərbaycandakı səfirinə nota təqdim etdi və bu dövlət Ermənistana silah göndərməkdən imtina etdi. Amma İrəvan silah tədarükü üçün gizli danışıqları dayandırmadı. Bizdə olan məlumata əsasən, Hindistan və İrandan bu gün üçün artıq müəyyən şifahi razılıqlar alınıb. Ermənistan bu ölkələrdən müasir silahlar almağı qarşısına məqsəd qoyub”, – deyə o qeyd edib.