Ermənistanın Baş naziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müstəqillik mesajı Rusiyaya qarşı qəbuledilməz hücumları ehtiva edir və rəddən başqa heç nəyə səbəb ola bilməz. Onun mesajlarında daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyəti Moskvanın üzərinə yıxmaq cəhdi var.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
“Paşinyanın son müddəaları Qərbdən ilhamlanan və rəsmi İrəvanın təkan verdiyi, ölkəmiz və müttəfiq münasibətlərimiz üçün dağıdıcı proseslərin epizodik deyil, sistem xarakterli olması ilə bağlı əvvəlki qənaətlərimizi təsdiqləyir. Baş nazir faktiki olaraq etiraf etdi ki, bütün bu müddət ərzində İrəvan bilərəkdən Rusiyadan üz döndərməyə hazırlanırdı. Ermənistan yeni Qərb inkişaf vektorunu təyin etmək üçün atdığı addımlarını Rusiya və KTMT-nin guya baş vermiş səhvləri ilə inandırıcı şəkildə əsaslandırır. Eyni zamanda, unudulur ki, dövlətlərimizin təhlükəsizlik və inkişaf məsələlərində çoxlu oxşar maraqları var, ABŞ və digər NATO ölkələri təkcə Rusiyaya strateji ziyan vurmağı deyil, həm də ümumi Avrasiya məkanımızda sabitliyi pozmağı qarşılarına məqsəd qoyublar. Rusiya həmişə müttəfiqlik öhdəliklərinə sadiq qalıb, erməni dövlətçiliyinə hörmətlə yanaşıb və respublikanı heç vaxt bizimlə və ya bizə qarşı olması üçün seçim qarşısında qoymayıb. Moskva qardaş Ermənistana təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahələrində genişmiqyaslı yardım göstərib və göstərməkdə davam edir. 2020-ci ilin payızında Rusiyanın və şəxsən Prezident Vladimir Putinin səyləri Ermənistanın tam məğlubiyyətinin qarşısını almağa imkan verdi. Əgər Paşinyan həftələr əvvəl atəşkəsə razılaşsaydı, itki daha az olardı. Nəhayət, Rusiya sülhməramlılarının Qarabağda bəzən öz həyatları bahasına olan fədakar fəaliyyəti Paşinyanın susmağa üstünlük verdiyi Azərbaycan və erməni xalqları arasında sülhün əldə edilməsi maraqları naminə Rusiyanın son dərəcə çətin missiyasını yerinə yetirməkdə davam edən öhdəliklərinin birbaşa təsdiqidir. Bu gün onlar rekord dinamika nümayiş etdirir, Ermənistan iqtisadiyyatının təsirli artımına və vətəndaşların rifahına töhfə verirlər”, – bəyantada deyilib.
Qeyd olunur ki, ayrı-ayrı erməni nümayəndələrinin humanitar sahədə qarşılıqlı faydalı layihələrin gedişatını ləngitmək cəhdlərinə baxmayaraq, Rusiya Ermənistanla ümumi mədəni və təhsil məkanının möhkəmləndirilməsinin tərəfdarıdır:
“Regional məsələlərdə Paşinyan – Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrından Qarabağın statusu məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq barədə centlmen razılaşmasına əməl etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əydi. O, Praqa və Brüsseldə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan 1991-ci il Almata Bəyannaməsi əsasında hərəkət etmək qərarına gəlib. Bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalandığı şərtləri, habelə Rusiya sülhməramlı kontingentinin mövqeyini əsaslı şəkildə dəyişdi. Ermənistan rəhbərliyinin uzaqgörənliyinin olmaması ucbatından İrəvanın təhlükəsizliyinin gücləndirilməsi sahəsində bir sıra sazişləri həyata keçirmək mümkün olmadı. Paşinyan respublikanın Azərbaycanla həmsərhəd rayonlarına KTMT müşahidə missiyasının göndərilməsi ilə bağlı altı ölkənin bütün xarici işlər nazirləri tərəfindən artıq razılaşdırılmış qərarı imzalamadı. Vəziyyət həm də rəsmi İrəvanın Ermənistan silahlı qüvvələrinin 2020-ci il noyabrın 9-dan sonra Qarabağda mövcudluğunun davam etməsini israrlı şəkildə təkzib etməsi ilə də qızışıb və bu, sonuncu sentyabr eskalasiyasının əsas səbəblərindən birinə çevrilib. Sentyabrın 20-də Rusiya sülhmərmalıların vasitəçiliyi ilə yerdə qalan erməni birləşmələrinin çıxarılması və “Qarabağ müdafiə ordusu”nun ağır texnika, eləcə də silah-sursat çıxarılmaqla tam tərksilah edilməsi ilə bağlı əldə edilmiş razılaşma real mənzərəni üzə çıxardı və gərginliyin davamlı azaldılması üçün ilkin şərait yaratdı”.
Qeyd edək ki, dünən Nikol Paşinyan xalqa müraciətində Roma Statutunun ratifikasiyası haqqında qərarın 2022-ci ilin dekabrında, KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlığının mexanizmlərinin Ermənistanın xarici təhlükəsizliyini qorumaq üçün yetərli olmadığı hamıya bəlli olanda qəbul edildiyini bildirmişdi.