Biz əvvəllər də danışanda Paşinyan iqtidarının Zəngəzurun dəhliz kimi deyil, yol kimi açılmasına qarşı olmadığını bildirmişik. Çünki Ermənistanın blokadadan çıxması və inkişafı üçün yeganə yol Türkiyə və Azərbaycanla normal münasibətlər qurmasıdır. Paşinyan Rusiyaya qarşı çıxış edərək Qərbin dəstəyi ilə iqtidara gəlib və oraya inteqrasiya xəttini tutub. Ona görə də Zəngəzurda Rusiya təhlükəsizlik qüvvələrinin xidmət aparmasını istəmir.
Bu sözləri AzerTimes-a Ermənistan parlamentinin Milli müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini, deputat Armen Xaçatryanın son açıqlaması haqda danışan siyasi şərhçi Turab Rzayev deyib.
Politoloq Xaçatryanın açıqlamasını Ermənistanın açıq şəkildə 10 noyabr bəyanatından imtina etməsi kimi dəyərləndirib:
“Hazırda Zəngəzurun açılmasına əngəl olan əsas maneələrdən biri 10 noyabr bəyanatının 9-cu maddəsində təsbit olunduğu kimi, Rusiya FTX-sinin Sərhəd Xidmətinin təhlükəsizliyi təmin etməsi məsələsidir. Paşinyan müharibədən dərhal sonra məcburi şəkildə bəyanatı imzaladı, indi isə Qərbin dəstəyinə güvənərək müxtəlif manipulyasiyalarla öhdəliyindən boyun qaçırır. Ermənistan baş naziri açıq şəkildə həm İrəvanda, həm də Tiflisdə bunu bəyan edib. Hətta Rusiya XİN buna çox sərt reaksiya verdi. İndi isə sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin ikitərəfli mübadiləsinin aparıldığı bir vaxtda Xaçatryan da eyni şeyi təkrarladı. Lakin burada diqqət çəkən məqam Armen Xaçatryanın sənədin imzalanmasını səhv addım kimi dəyərləndirməsi və Rusiyanın öz zəmanətlərini itirməsini vurğulamasıdır. Yəni faktiki olaraq sənədin qüvvədən düşdüyünü, onu tanımadıqlarını bəyan edirlər. Eyni zamanda ikinci dəfə Rusiyaya etibar etməyəcəklərini deyirlər və Azərbaycanın beynəlxalq hüququn əsas prinsiplərinə əməl edərək öz suverenliyini bərpa etməsini rus sülhməramlıların gücsüzlüyü kimi qələmə verirlər. Artıq rəsmi İrəvanın Moskvaya qarşı siyasəti açıq müstəviyə və daha kəskin fazaya keçib. Əgər Rusiya açıq şəkildə müdaxilə etməsə, yaxud daxildəki qüvvələr ilə Paşinyana təzyiq göstərməsə, Zəngəzur məsələsi onun üçün bağlanacaq. Son nəticədə Azərbaycanın qələbəsi Rusiyanı da fakt qarşısında qoydu və Moskva da rəsmi İrəvanın əsl simasını gördü. Ortada üç ölkə tərəfindən imzalanmış 10 noyabr bəyanatı və tərəflərin üzərinə götürdükləri öhdəliklər var. Sənəddən imtina etmək isə yeni münaqişənin yolunu açmaq mənasına gəlir. Əlbəttə, burada bizim üçün əsas hədəf dəhlizin açılmasıdır, mübarizə isə İrəvanla Moskva arasında gedir. Yəqin ki, Rusiyanın cavabı da özünü çox gözlətməyəcək. Nə Türkiyənin, nə də Azərbaycanın Ermənistan ərazisinə hər hansı bir iddiası var. Fikrimcə, hazırki məqamda bizim üçün əsas olan iqtisadi və geosiyasi hədəflərimizdir”.