Ermənistan sülh sazişinin mətni ilə bağlı Azərbaycanın sonuncu təkliflərinə 6 həftədir cavab vermir.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olsonla görüşdə məlumat verib.
Nazir postmünaqişə mərhələsində Azərbaycanın Ermənistanla normallaşma, o cümlədən gələcək sülh sazişinin imzalanması istiqamətində əsas təşəbbüs irəli sürən tərəf kimi, prosesin uğurla nəticələnməsində maraqlı olduğunu bildirib. Buna baxmayaraq, qeyd edilən istiqamətlərdə Ermənistan tərəfindən prosesə maneçilik səyləri, sülh sazişinin mətni üzrə Azərbaycanın sonuncu təkliflərinə 6 həftə ərzində hələ də cavab verməməsi, bir sıra provokativ bəyanatlar və təxribatlar diqqətə çatdırılıb.
C.Bayramov bununla yanaşı, Ermənistandan azaraq Azərbaycana keçmiş hərbçilərin qısa müddətdə Ermənistana geri təhvil verilməsi kimi etimad quruculuğu tədbirlərinə baxmayaraq, Ermənistanda Azərbaycan hərbçilərinə qarşı son zorakılığın Ermənistan tərəfindən pozucu fəaliyyətin nümunəsi olduğunu qeyd edib.
Eyni zamanda bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün tərəflər arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.