Münhen konfransı Paşinyanın Rusiyadakı reputasiyasına və İrəvanla Moskva arasında münasibətlərin erkən pozulma ehtimalına yeni heç nə əlavə etmədi. Bu qaçılmazdır və bunun üçün yeni səbəblərə ehtiyac yoxdur.
AzerTimes xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Modest Kolerov deyib.
“Paşinyan Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığını dedi və bu, çoxdanın məlum xəbəridir. İrəvandan başqa hamı artıq başa düşüb ki, Nikol Rusiya ilə münasibətləri pozub. Növbəti addım KTMT-dən çıxmaq və Rusiya bazasının Ermənistandan çıxarılması olacaq. İlk addım KTMT sessiyasının Ermənistandan kənarda keçirilməsi təşəbbüsü oldu”, – o bildirib.
Əliyevin də analoji bəyanatla çıxış edərək, Ukraynanın ərazi bütövlüyünü tanıdığını deməsinə gəlincə, Kolerov vurğulayıb ki, Çin də oxşar bəyanatlar verir:
“Amma bunu bacaran ölkələr də var, bacarmayanlar da. Belə bəyanatları Çin verə bilər, Ermənistan yox. Azərbaycanla bağlı fikirlər fərqlidir. Son iki ildə Bakı və İrəvandan bizim müharibə ilə bağlı belə bəyanatlar praktiki olaraq sıfıra endirilib. Hətta Çinin nəzakətli neytrallığı belə vəziyyətə təsir edə bilməz. Rusiya Bakı ilə münasibətləri kəsməyə hazır deyil, çünki bizim Bakı ilə ümumi sərhədimiz var, Ermənistanla isə ümumi sərhədimiz yoxdur. Əliyevin bütün bu Qərb platformalarını rədd etdikdə sonra Münhenə getməsini onun manevri kimi görürəm. O, heç vaxt Qərblə kəskin qırılma nöqtəsinə getməyəcək. Azərbaycan Rusiyanın müttəfiqi olmayacaq. Bakı NATO üzvü olan Türkiyənin müttəfiqidir”.
Rusiyalı politoloq bir daha qeyd edib ki, Ermənistan Rusiyanı birdəfəlik tərk edib:
“Hələ də texniki problemlər var, geri qayıtmayacaq”.