Azərbaycan zarafat etmədiyini bir ay öncə də bildirmiş və istənilən təxribatın qarşısını ala biləcəyini sübut etmişdi. Dünən baş verənlər də Azərbaycanın heç bir güzəştli davranış sərgiləmək fikrində olmadığını göstərdi. Ermənistan artıq bundan dərs çıxarmalı və öhdəliyə əməl etməlidir.
Bu sözləri AzerTimes-a millət vəkili Fazil Mustafa Ermənistan siyasi-hərbi rəhbərliyinin hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək və sülh müqaviləsi üzrə danışıqları pozmaq cəhdləriylə bağlı danışarkən deyib.
“Ermənistan 10 noyabr sazişinin bəndlərinə müəyyən dərəcədə əməl etdi. Ancaq hələ də yarımçıq qalan xeyli öhdəliklər var. Azərbaycan bu məsələlərin üzərinə gedir, ancaq əsas diqqəti kommunikasiya məsələlərinin həllinə yönəldib. Ermənistan öz ərazisinə aid olan məsələlərdə hələ heç bir addım atmayıb. Yəni, bizim ərazimizdən ermənilər necə Laçın vasitəsilə Xankəndi ilə əlaqə qura bilirsə, eyni zamanda biz də Naxçıvanla əlaqə qurmalıyıq. Buna hər hansı şəkildə maneə yaratmalarına da imkan verməyəcəyik.
Prosesləri tamamlamamaq üçün Ermənistan təxribatlara əl atır. Biz qisas əməliyyatlarına son qoymamışıq. Ona görə də Azərbaycanın dünənki xəbərdarlığı Ermənistan üçün sonuncu dərs olmalıdır. Onlar imza atdığı sənəddəki müddəalara qəti şəkildə əməl etməlidir”, – deputat bildirib.
F.Mustafa qeyd edib ki, Ermənistan Zəngəzur dəhlizinin açılması istiqamətində konkret addımlar ataraq dəqiq vaxt təyin etməlidir:
“Məncə, qonşu ölkələrin bu istiqamətdə daha fəal olmasına ehtiyac var. Onlar təxribatçı və işğalçı Ermənistanın yanında durmaq əvəzinə, bu prosesi irəli aparmaq üçün əllərindən gələni etməlidirlər. Bu hamının xeyrinədir. Çünki bölgədə sülh olarsa, hamı bundan ancaq faydalana bilər”.