Ermənistanla Azərbaycan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar gedir və onlar tamamlanana qədər nəticələr barədə danışmaq tezdir.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından deputat olan Sərkis Handanyan ABŞ-da Azərbaycan və Ermənistan XİN başçıları arasında keçirilən görüşlər haqda deyib.
Onun sözlərinə görə, Ermənistanın vəzifəsi Azərbaycanla münasibətləri tənzimləmək və regionda hərtərəfli sülhə, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinə nail olmaqdır:
“Hüquqi formullar var ki, onlara aydınlıq gətirilməlidir. Sənəd siyasi müzakirələrin nəticəsidir, lakin sonda imzalanma mərhələsinə gəldiyi təqdirdə beynəlxalq hüquq sahəsində ekspertlər də mətn üzərində işləməlidir. Sülh sazişinin etibarlı olması üçün bunu təmin edən mexanizmlər lazımdır. Bu mexanizmlər beynəlxalq ictimaiyyətin fəal iştirakı ilə razılaşdırılmalıdır”.
Qeyd edək ki, bundan öncə ABŞ-da nazirlərin münasibətlərin normallaşması üçün “yol xəritəsi” üzərində işlədikləri bildirilmişdi.
Nazirlərin görüşü 1 mayda başlayıb və həftə boyu davam edəcək.