Azərbaycan hökuməti tərəfindən martın 31-də İraq və Suriyadan
iki nəfəri qadın, beş nəfəri uşaq olmaqla ölkəmizə repatriasiya
edilmiş 7 Azərbaycan vətəndaşı Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial
xidmət müəssisəsinə yerləşdirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, şəxslər
müəssisəyə yerləşdirilən şəxslər dərhal zəruri qayğı xidmətləri ilə
təmin olunub və onların ilkin tibbi ehtiyaclarının qarşılanması
istiqamətində işlərə başlanıb.
Növbəti mərhələdə Agentliyin sosial işçiləri və psixoloqları
repatriasiya olunmuş qadın və uşaqların sosial-psixoloji
vəziyyətlərinin qiymətləndirməsini aparacaq.
Qiymətləndirmənin nəticəsinə uyğun olaraq hər bir repatriant
şəxsin sosial-reabilitasiya yönümlü zəruri sosial xidmətlərlə təmin
edilməsi üçün fərdi inkişaf planları hazırlanaraq həyata
keçiriləcək. Sosial reabilitasiya prosesi həmin şəxslər öz mənşə
ailələrinə verildikdən sonra da davam etdiriləcək.
Qeyd edilən xidmətlər digər aidiyyəti orqanlarla qarşılıqlı
əməkdaşlıq şəraitində həyata keçirilir.
Xatırladaq ki, 2018-ci ilin avqust ayından etibarən İraq və
Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyası mərhələli
şəkildə həyata keçirilir. Həmin vaxtdan da repatriasiya edilmiş hər
bir vətəndaşla bağlı Agentliyin mütəxəssisləri tərəfindən sosial
re-inteqrasiya və reabilitasiya məqsədli proqram tərtib edilib.
Psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə
vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb
edilmələri də daxil olmaqla onlarla sosial işlər hazırda da davam
etdirilir.