İraq parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub

Xəbər - Elçin Mehdiyev – Trend:

Aprelin 5-də Milli Məclisdə ölkəmizdə səfərdə olan İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a bildirilib ki, qonaqları salamlayan Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli ölkələrimiz arasındakı tarixi dostluq münasibətlərindən danışıb. Bildirilib ki, ötən illər ərzində ölkələrimiz arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edib. Azərbaycan daim İraqın ərazi bütövlüyünü dəstəkləyib, İraq da beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirib.

Söhbət zamanı parlamentlərarası münasibətlərə də toxunularaq bildirilib ki, parlamentlərarası dostluq qruplarının fəaliyyəti iki ölkə arasında münasibətlərin daha da inkişafına xidmət edir.

Səmimi qonaqpərvərliyə görə təşəkkürünü ifadə edən İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vais Azərbaycan tərəfinə müxtəlif məsələlərdə, o cümlədən terrorizmə qarşı, həmçinin kovonavirusla mübarizədə göstərilən köməyə görə təşəkkürünü bildirib.

İraq parlamentinin fəaliyyətindən danışan qonaq diqqətə çatdırıb ki, hazırda İraqda sabitlik mövcuddur. Bu sabitliyin təmin edilməsində parlamentin qəbul etdiyi qanun və qərarlar mühüm rol oynayır.

Görüşdə çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rəşad Mahmudov, İraq parlamentinin İnsan hüquqları komitəsinin sədri Arşed Rəşad Fath Allah əl-Salihi, millət vəkili xanım Nisrin Fadil Raham və başqaları qarşılıqlı əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

Görüşdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov, işçi qrupun üzvü Cavanşir Paşazadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, hər iki ölkənin müvəqqəti işlər vəkilləri Nəsir Məmmədov, Maki Ressan Al-Mamori və digər rəsmi şəxslər iştirak ediblər.

Teqlər: